Dünən “Jurnalistlərə dəyər verək” layihəsi çərçivəsində “Today`s Baku” saytının təşkilatçılığı, Anadolu Universitetinin dəstəyi ilə Qubaya media tur təşkil edilib.
Media tur zamanı jurnalistlərə Anadolu Universitetinin fəaliyyəti haqqında məlumat verilib. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Cemal Yangın bildirib ki, Anadolu Universitetinin əsasını 1958-ci ildə təsis edilən Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyası təşkil edib. 1982-ci ildən Anadolu Universitetinə çevrilərək qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini alıb.
1982-ci ildən distant təhsil verməyə başlayan universitet bu gün Türkiyə və 30-dan çox ölkədə distant formada təhsil alan tələbə sayına görə dünyanın meqauniversitetlərindən biridir və bu sahədə zəngin təcrübəyə malik bir ali təhsil ocağı olaraq dünyada ilk sıralarda yer alır.
Anadolu Universiteti distant formada təhsil alan Türkiyə və digər ölkələrdəki tələbələrinə öz tədris proqramlarını əsasən internet üzərindən olmaqla informasiya və kommunikasiya texnologiyaları (İKT) vasitəsilə həyata keçirir.
Anadolu Universiteti 2009-cu ildən başlayaraq Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada təhsil almaları üçün imkan yaradıb. Universitetdə distant formada təhsil alan tələbələrə daha keyfiyyətli xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prinsipi əsasında 26 avqust 2014-cü il tarixdə imzalanan protokola əsasən Anadolu Universiteti, Azərbaycan Türkiyə İşadamları Birliyi ilə əməkdaşlığa başlayıb.
Distant təhsil sahəsində 30 ildən çox təcrübəsi olan universitet tələbələrin bu yolla təhsil almaları üçün müasir dövrün tələblərinə cavab verən qlobal tədris sistemi qurub.
Təşkilatçı Vüqar Ağamalıoğlu “Jurnalistlərə dəyər verək” layihəsi barədə danışaraq bildirib ki, hər şeyi dövlətdən gözləmək düzgün deyil, bu dövlət bizimdi biz də dövlətə dəstək olmalıyıq: “Jurnalistlərə dəyər verək” adı ilə 4 – cüsü keçirilən bu cür tədbirlərdə 40 yaxın jurnalist Azərbaycan regionlarını gəzib və jurnalistlər bir gün də olsa istirahət edə bilib. Bugünkü tədbirdə bizə dəstək olan Anadolu Universitetinin Azərbaycan rəhbərliyinə xüsusilə Azər Hətəmova dərin təşəkkürümü bidlirirəm. Bu tədbirlərimizi davamlı keçirəcəyik. Məqsəd dövlətimizi sevdirmək, jurnalistləri pulsuz istirahətini təşkil etməkdir”. Daha sonra jurnalistlər arasında futbol, voleybol, domino, nərd yarışları təşkil edilib.
7news.az

















