Rauf Zeyni, Azərbaycan Milli QHT Forumunun prezidenti
"...İctimai nəzarət mexanizmləri işə salınmalıdır. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin.Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır.”
İlham Əliyev, Azərbaycan Prezidenti
Cənab Prezidentin Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlər, son günlər imzaladığı fərman və sərəncamlar, onun tapşırığı ilə həyata keçirilən işlər, bir daha göstərir ki, dövlət başçımız ölkənin problemləri barədə məlumatlı olmaqla yanaşı, onları etiraf etməyi də, o problemləri necə, nə vaxt, harda, kiminlə aradan qaldırmağın yollarını, bu mövzuda manipulyasiya edənlərdən daha yaxşı bilir.
Mən bu sətirləri yazarkən, əmək pensiyalarının baza hissəsinin,1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdlərin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, şəhid ailələrinə verilən müavinətlərin artırılması barədə Prezidentin imzaladığı sərəncamlar elan olundu. Bu sənədlər bir daha göstərir ki, anarxiya, xaos dəllalları isə fürsətkarlıq etməyə cəhd etsələr də, çirkin niyyətlərinə nail olmaq istəkləri hər gün bir az daha əllərindən çıxır... Bəri başdan deyim ki, hər bir şüurlu vətənpərvər, dövlətini sevən vətəndaş kimi, bizlər də məsuliyyətin, cavabdehliyin - haqqın, haqlının tərəfindəyik...
Fürsətdən istifadə edib, bu yerdə, cənab Prezidentimizə, vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən bir insan kimi, bu Vətənin, xalqın daha çətin günlərinin canlı şahidi kimi öz minnətdarlığımı bildirmək istərdim. Çünki çox da uzaq olmayan tarix bizə xalqla dövlətin birliyinin nə demək olduğunu göstərib. Özümüzdən və özgələrdən misallar gətirib, dövlət başçısının heç bir çətinliyə baxmayaraq, bütün məmurlar qarşısında xalqa, vətəndaşa qulluğu əsas vəzifə olaraq qoymasının nə qədər qiymətli hadisə olduğunu göstərə bilirik. Bilirik ki, xalqı ilə səmimi danışan, mövcud çətinlikləri etiraf edən və bundan mümkün çıxış yolunu səhih bilən prezidentin siyasətini müdafiə etmək vətəndaşlıq borcu, mənəvi-ictimai öhdəlik, başqa sözlə, vicdan məsələsidir.
...Əziz oxucu, artıq heç kəsə sirr deyil ki, ABŞ-ın, Qərb dövlətlərinin Rusiya ilə hegemonluq savaşı neftin qiymətinin demək olar, kritik həddə enməsinə səbəb olub və bu düşmə prosesi davam etməkdədir. Bu da, əsas gəlirləri neft hasilatından ibarət olan Azərbaycandan da təsirsiz ötüşmür... Belə bir ortamda, mən şəxsən özümün, 600-dən cox QHT-ni, minlərlə üzvü birləşdirən bir konfederativ quruluş olaraq Milli QHT Forumunun mövqeyini ifadə edərək, ölkə prezidentini dəstəkləməyin, onun xalqın sosial rifah halının daha yaxşı qorunması ilə bağlı iradəsini qiymətləndirməyin alternativini görmədiyinimi qeyd etməliyəm.
Sözlərimi cənab Prezidentin yanvarın 10-da Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərlə zənginləşdirim: "...Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi.
Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik...”
Dövlət başçımızdan gətirdiyim bu sitatdan sonra, inanmımı bölüşmək istərdim ki, hələ böhran fakta çevrilməmişdən, böhran ərəfəsinin təzahürlərinin öyrənilib,aradan qaldırılmasına başlandığı bir vaxtda, kəmfürsətlik edib ölkəni qarışdırmağa çalışan bəzi anarxistlərin bu dəfə də məyus olacaqlarını görəcəyik. Etiraf edilib-edilməməsindən asılı olmayaraq, respublikamızın bugünkü "böhran ərəfəsi” təzahürlərini 8 il öncə yaşamalıykən (neçə-neçə ölkə hələ 2008-ci ildə bu vəziyyətlə "tanış olmuşdu”) biz yalnız indi hiss etməyə başlamışıqsa, bu təsadüfi deyil. - Deməli, ortada dövlət iradəsi, xalqı düşünmə faktı olub, o fakt işlək akta çevirilib və mümkün qədər həyata keçirilərək daha böyük tənəzzülün qarşısı alınıb və bu gün dövlət başçısı tərəfindən görülən təxirəsalınmaz tədbirlər, bundan sonra da mümkün olan ən az itkili yollar tətbiq ediləcək ki, xalqımız iqtisadi problemləri öz üzərində mümkün qədər az hiss etsin. Bununla əlaqədar cənab Prezident aşağıdakıları bəyan etmişdir.
* iqtisadi inkişaf tempini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etmək;
* xarici yatırımları Azərbaycana daha böyük həcmdə cəlb etmək, öz iş adamlarımızı stimullaşdırmaq;
* vergi bazasını genişləndirmək, bunun üçün də qeyri-formal iqtisadi fəaliyyəti ciddi şəkildə leqal müstəviyə gətirmək;
* gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparmaq;
* inhisarçılığa qarşı daha da ciddi mübarizə aparmaq;
* maliyyə nəzarətinı daha da gücləndirmək. Xüsusilə qövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət etmək;
* ictimai nəzarət mexanizmlərini gücləndirmək;
* biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görmək.
***
Əlbəttə, respublikamızda bir çox sahələr üzrə yerli istehsalat mövcud olsa da, bəzi məhsullar, material və avadanlıqlar üzrə idxaldan asılılığımız da var. Buna görə bəzi hallarda qiymət artımı qaçılmaz olur; ancaq manatın məzənnəsinin dəyişməsini fürsət bilib, kəmfürsətcəsinə süni qiymət artımına əl atanlar, xalqı dövlətdən narazı salmağa çalışanları ,hərəkət və ya hərəkətsizlikləri narazılığa xidmət edən yaramazları qınaq obyektinə çevirmək, faş etmək, ilk növbədə ictimai fəal qüvvələrin üzərinə düşür. Daha çox sosial şəbəkələrdə virus kimi yayılan "virtual qəhrəmanlar”, vətəndaşımızda dövlətə qarşı mənfi yüklü fikir formalaşdırmağa cəhd edənlər qarşılarında müstəqil Azərbaycanın inkişaf etmiş vətəndaş cəmiyyətini görəcəklər. Yalan məlumat yaymaq, xəstə təxəyyüllərini sadə insanlara fakt kimi sırımaq cəhdləri belələrinin həyat
tərzinə çevrilsə də, xalqımız dövlətə, dövlət başçımıza sarsılmaz inamla bağlıdır, əhali Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Bu sarsılmaz inam, güclü etibar illərin sınağından çıxıb, zamanla daha da möhkəmlənib, sabaha daha güclü şəkildə daşınacaqdır!
Dövlət başçısının malik olduğu informasiyalar daha dərin, onun gördüyü üfüqlər daha genişdir və "Nə? nə vaxt? harada? necə?” suallar toplusunun ən dəqiq cavabları cənab Prezidentimizdədir.
Heç kim xalqımızla dövlətimizin, dövlət başçımızın arasına girə bilməz! Şübhəsiz ki, müstəqil Azərbaycan cənab Prezidentin başçılığı ilə bu sınaqdan da üzüağ çıxacaq, dövlətimizin iqtisadi inkişafı bundan sonra da yüksələcəkdir!
İnanıram ki, tarixin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxan, müstəqilliyi uğrunda minlərlə şəhid verən qəhrəman və müdrik xalqımız, dövlöt başçısının ətrafında sıx birləsərək bu tarixi dövlət imtahanından da layiqli qiymətini alacaq.








