RU
“Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib - FOTOLAR
14:39
565

“Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib - FOTOLAR

"Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.
7news.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak edib.
 
Tədbirin əvvəlində qəzetin tarixinə həsr olunmuş film nümayiş olunub. Mərasimdə çıxış edən "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb. S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir:
 
"Kaspi” qəzeti xalqın, millətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aybaay bizlərə çatdırmağa nail olub. "Kaspi”də fəaliyyəti ilə qəzetə yeni məzmun gətirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi idi. Bu sevgi çıraq işığı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olub. 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə "Kaspi”də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsi ilə həmfikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar”. 
 
S.Vəliyeva bildirib ki, "Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu.
 
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev "Kaspi” qəzetinin tarixindən danışıb, onun keçdiyi yola nəzər salıb. O, qəzetin 1999-cu ildə fəaliyyətini bərpa etməsini mətbuat tariximiz üçün vacib hadisələrdən biri kimi dəyərləndirib, "Kaspi”nin Azərbaycan mətbuat tarixini çiynində daşıyan orqanlardan biri olduğunu vurğulayıb.
 
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, "Kaspi” qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir, qəzet öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, o dövr üçün xalqın problemlərini gündəmə gətirdi.
 
Tədbirdə "Kaspi” qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.


 
7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ