“Zibillikdən keçirdim, gördüm ki, ayağıma nəsə dəmir dəydi”.
Polis Bakı sakininin üzərindən “Naqan” markalı revolveri tapıb.
7news.az Region TV-yə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan 53 yaşlı Mikayıl Məlikov saxlanılıb. Onun üzərinə baxış keçirən zaman 4 ədəd patronu ilə birlikdə, 1 ədəd “Naqan” sistemli revolver silahı aşkar edilərək götürülüb.
Mikayıl Məlikov silahı parkda zibil qabından tapdığını bildirib:
“Zibillikdən keçirdim, gördüm ki, ayağıma nəsə dəmir dəydi. Salafanı açdım ki, içində silah və 4 dənə patron var. Ətrafa baxdım ki, bəlkə kimsə atıb. Fikirləşdim ki, kasıbçılıqdı, sataram, baxma da, puldu”.
Evdə silahı 2 gün gizlətdiyini deyən Mikayıl sonradan onu satmaq qərarına gəlib. Ancaq daha sonra tapançanı polis orqanına təhvil vermək istəyib. Polisə getməzdən əvvəl parkda bir qədər oturub istirahət etmək istədiyini deyən Məlikov ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edib və bu zaman yaxalanıb.
“Oturmuşdum parkda, 2 nəfər yaxınlaşdı. Mən də saqqaldayam, yəqin şübhələniblər. Polis dedi ki, sizi bir nəfərə oxşadırıq, pis başa düşməyin, üstünüzü axtarmalıyıq. Üstümdə silahı tapdılar, məni bölməyə gətirdilər”.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
7news.az








