Qurumun mətbuat xidmətindən bildirilən məlumata görə, Həsən Həsənovun ailəsi özü evdən imtina edib:
"Bu ailəyə dövlət tərəfindən mənzil verilib. Ancaq, onlar qəti şəkildə həmin mənzildən imtina etdilər. Biz neçə ay gözlədik. Onlar isə həmin mənzilə köçmədilər, yaşamaq istəmədilər. Onlar Mehdiabad qəsəbəsindən mənzil istəyirlər.”
Qurumun rəsmisi onu da əlavə etdi ki, hazırda nəinki Mehdiabad qəsəbəsində, hətta Bakı və onun ərazisində də mənzil tikintisi aparılmır.
Mətbuatda çıxan xəbərə görə, işğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən geri alınıb.
Həsən Həsənovun qardaşı Nail Həsənov ailəyə evin "Dövlətqaçqınkom”un sədri Əli Həsənov tərəfindən verildiyini bildirib.
2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq./aznews
7News.Az








