Bilmirəm, diqqət yetirmisiz, ya yox, amma Baş Prokuror Zakir Qaralovun Milli Məclisə ünvanladığı müraciətdən sonra sosial şəbəkə parazitlərinin canına əməlli vəlvələ düşüb. Olduqca didərgindirlər. Sanki "dixlofos” vurulmuş kimi halları var. Üstəlik, mövzu üzərindən apardıqları səbatsız ritorika ilə özlərini daha da "yandırır”, növbəti dəfə naşı məntiqlərinin girovuna çevrilirlər.
Çoxları artıq məlumatlıdır. Söhbət insan ləyaqətinin, şərəfinin (Bu dəyişiklik bəlli kuluarlarda yalnız Prezident adı ilə lokalizə edilsə də miqyas daha əhatəlidir ) hüquqi yolla daha ciddi şəkildə qorunmasından və ya Cinayət Məcəlləsinin 323.1 maddəsi üçün nəzərdə tutulan daha təkmil əlavələrdən gedir. Layihə artıq Milli Məclisin müvafiq komitəsində müzakirə olunub + mediada fərqli polemikalara yol açıb. Və təbii, "adam balası” kateqoriyasına daxil olmayanlardan savayı hər kəs tərəfindən təqdir edilib.
Əvvəla, sağ olsun cənab Zakir Qaralov. Mətbuatda dəfələrlə səslənən mövzunun (nəhayət ki!) realizəsindən dolayı əməli addım atdığı üçün. Hərgah, siyasi aktivist və ümumən düşünən toplum olaraq bu məsələdə yetərincə gecikmişik. Niyə? Çün, sosial şəbəkələr və digər internet paylaşımlarındakı iyrəncliklərin dinamikası Madaqaskarda, Mozambikdə deyil, məhz Azərbaycanda - gözümüzün qarşısında irəliləyib. Həm də metastaz etapına qədər. Radikal müxalifətin timsalında urvatsız siyasi fiqurların, eyni zamanda cəmiyyətdəki avara kəsimin yaratdığı internet "bespredel”i artıq elə bir mərhələdədir ki, kloun həbiblər, nazlı gulçataylar, sancaqlı əbləhər ortalıqda meydan sulayır. Təhqir və hədələrlə. Şantaj və "dezo”larla!
"Siyasi parkinson” sindromu daşıyan bu zavallılar yazdıqları sözün, ifadə etdikləri fikrin az qala bütöv kütləsini söyüş və atmacalardan yoğurur, 18+ jarqonu ilə danışır, bir şəkildə hüquqi nihilizmin təməl daşını atmağa çalışır. Oysa, eyni adlı əməllər zatən Cinayət Qanunvericiliyində "böhtan” və "təhqir” maddələri ilə tövsif olunub. Deyilmi? Mahiyyət də aydındır, cəza da. Yaxşı bəs belə olan halda 323.1 –lə bağlı dəyişikliyə (əlavələrə) nə lüzum var? Cavab sadədir: Cinayət hüququnda hadisənin (əməlin) spesifikası bir tək motivin deyil, həm də icra(çı)nın aydın şəkildə müəyyənləşdirilməsini tələb edir. Qlobal internet məkanının diktə etdiyi mövcud situasiyada isə belə bir təyin imkanı yoxdur. Və ya daha sadə izah: bu günə qədər saxta, anonim profil (hesab) sahibləri öz adları ilə qeydiyyata düşmədiklərindən dolayı tərəflərindən törədlən cinayətlərə və bütün hüquqpozma hərəkətlərinə rəğmən cinayət təqibindən kənar qalıblar. Çünki, maddənin dispozisiyası (mətndəki şərh – icranın nədən ibarət olmağı) buna imkan verməyib. Daha doğrusu yetərincə imkan verməyib. İndi isə artıq zərurət var. Ki, qanun təkmilləşdirilsin və "homo sapiens” tipindən min km-lərlə uzaqda duran "qumanoid”lər artıq ağılları yetən formada ürəkləri istəyən adamı öz söyüş makinasından keçirə bilməsin.
Komitə iclasında da dedim: Elə ancaq AXCP sədri Əli Kərimlinin 3 saxta profilini mən və dostlarım aşkarlamışıq. "Xatun”, "Azadə”, "Qumral keçi”. Bir addımlığındakı Gülçatayın da 2 (alt) profili məlumdur: "Nostalji” və "Ziba”. "Milli Aşura”nın (vaxtı olanda) siyasətlə məşğul olan sədrinin isə (hələ ki) bir "feyk” hesabı dəqiqləşib: "Miraj”. Və…bütün bunların üzərinə bir də Natiq Adilov kimi yüzlərlə əməkdar çayxana qaraguruhçusunun, bəzi TV-avantüristlərin, bir sıra qəzetlərin 8 manat 50 qəpiklik (məlum) yazarları fason siyasi "kamikadze”lərin idarə etdikləri səhifələri gəlsək, olur tam kompakt bir "orqanizə”. "ÇETE” formasında açıq fəaliyyət göstərirlər. Nə dəyən var, nə dolaşan. Kollajdan tutmuş iyrənc statuslara, montaj olunmuş videolardan tutmuş absurd dezolara qədər – hər şeyə gedirlər. Hədəf də bəlli!
Baxırsan, fərdi təşəbbüsü (iradəsi) ilə əlındə daraq tutmağı belə bacarmayacaq adamdır, amma səhifə yaradıb. Söyür, bağırır, kükrəyir. Özü kimi "yarımçıq”ları da yığıb başına. Lələkləri də hindu kimi təpələrində. Və…bu ağac kötüklərinə, savadsızlara, kitabsızlara heç cür anlada bilmirsən ki, 21-ci əsrdə heyvani instinktlərlə, quduz elementlərlə, kentavr kafası ilə siyasət yürüdülməz, rəqabət aparılmaz. Çox yox, bir azca böyümək lazımdır. Ən azından o həddə qədər ki, Taliban xislətindən, İŞİD təfəkküründən, Kardaşyan zehniyyətindən çıxasan. "Qırmızı xətt” üzərində ayaq saxlamağı, toxunulmaz dəyərlərə əl uzatmamağı bacarasan.
Hətta gizlənəndə də qadın örpəyinin deyil, kişi papağının arxasında gizlənəsən…
Ümumilli Liderin zamanında mövcud iqtidara qarşı çox radikal (müxalifyönlü) xətt yürüdən qəzetlərdən birinin redaktoru ölkə başçısı haqda yazdığı neqativ fikirləri bu cür əsaslandırmışdı: "Bəlkə də kənardan qəhrəmanlıq kimi görünür, amma inanın, hazırda ən asan iş elə məhz Heydər Əliyevi hədəfə almaqdır. Nazirdən, başçıdan yazan kimi məhkəmə yollarında qalırıq. Amma Heydər Əliyev kimi dahi mənimtək yarıtmazı heç vaxt ciddiyə almaz, yazdıqlarıma reaksiya verməz. Səbəb budur. Ona görə rarahatçılıqdır”
Hazırda da analoji vəziyyətlə üzbəüzük. Ən rahat iş Prezident haqda yazmaqdır. Və ya sıradan bir "JEK" müdirinin, idarə rəisinin, adı "google”də belə çıxmayan hansısa təşkilat sədrinin barəsində internet portallarında və ya sosial şəbəkələrdə ən xırda neqativ məlumat getsə ya yazı silinər ya profil (şikayət edilərək) bağlanar ya da anındaca məhkəmə iddiası qaldırılar. Tam da ədalətli olaraq. Çün, hər kəsin öz şərəf və ləyaqətini qorumaq haqqı var. Amma kaş bu reaksiya, bu mövqe ölkə başçısı və onun ailəsi haqda yazılan böhtan xarakterli məqalələrlə də bağlı (eyni formada) sərgilənəydi. Özünə, fərdi marağına görə kiminləsə əlbəyaxa döyüşə belə getməyə, yetərincə pulundan belə keçməyə hazır olanlar Prezident üçün də sinəsini çox demirəm - ani bir söyüşə, təhqirə tuş etməyi bacaraydı!
Baş əyirəm o insanların qarşısında ki, Prezidentinin hədəfə alındığı yerdə özünü hədəf eləməyi, tərbiyəsiz məxluqların dövlət başçısına yönəlik bütün söz və fikir zərbələrini öz üzərinə almağı bacarır. Var belələri. Çoxdur. Sadəcə arzulanan qədər deyil. Ona görə hüququn müdaxiləsinə ehtiyac var. Həm də təcili! Yoxsa əqli mexanizmlə, şifahi ritorika ilə bəzi yaramaz, radikal ünsürlərə bundan yüz il sonra da anlada bilməyəcəyik ki, Prezident həm də simvoldu, atributdu. Eynən bayraq kimi, gerb kimi. Sevmək və dəstəkləmək məcburiyyəti daşımasan da ona bütün hallarda hörmət eləməyə borclusan. Bu "qızıl qayda”dır. Sivil vətəndaş mövqeyidir. 2 * 2-dir. Aksiomdur…
P.S Yeri gəlmişkən, "Qumral keçi” nə idi, a bəy?!
Elşən Musayev,
Milli Məclisin deputatı
musavat








