Bu gün Türkiyədə istefalar dalğası yaşana bilər.
7news.Az-ın xəbərinə görə, buna səbəb 24 iyun parlament və prezident seçkilərində müxalif siyasi partiyaların, xüsusilə də Millət İttifaqına daxil olan siyasi təşkilatların seçkilərdə məğlubiyyətə uğramasıdır.
Qeyd edək ki, ilk istefa "ana müxalifət” partiyası olan CHP-də yaşana bilər. Çünki partiya parlament seçkilərində 2015-ci il seçimlərindən də az səs toplayıb - cəmi 22 faiz.
Partiyanın prezidentliyə namizədi olan Muharrem İncə CHP-dən səkkiz faizdən çox səs toplayıb.
Odur ki, seçkilərdən sonra heç bir yerdə görünməyən, səssizliyini qoruyan CHP lideri Kamal Kılıçdaroğlunun ilk dəfə bu gün partiyasının fövqəladə toplantısında çıxış edəcəyi və istefa verəcəyi gözlənilir.
Artıq partiyada, xüsusilə "solçuların solçusu” adlanan müxaliflər qanadından, sabiq deputatlardan istefa çağırışları gəlir.
Bu gün yarandığı yeddi ay ərzində Türkiyədə keçirilən seçkilərdə ilk dəfə iştirak edən və 10 faizlik barajı keçən, parlamentdə 43 deputat yerinə sahib olan "İYİ Parti”də də lider Meral Akşənərin rəhbərliyi altında partiya rəhbərliyinin geniş toplantısı keçiriləcək.
Toplantı Türkiyə vaxtı ilə saat 11:00-da partiyanın baş ofisində başlayacaq və seçkilərdən sonra heç bir açıqlama verməyən Akşənərin 24 iyun seçkilərinin yekunları ilə bağlı geniş çıxış edəcəyi, gələcək "yol xəritəsi”nin cızılacağı gözlənilir.
Ehtimallar az olsa da, Akşənərin istefa verə biləcəyi yönündə Türkiyə mediasında və sosial şəbəkələrdə müəyyən fikirlər, mülahizələr söylənməkdədir.
Qeyd edək ki, Akşənərin qurucusu və yaradıcısı olduğu "İYİ Parti” qatıldığı ilk parlament seçkilərində 10 faizdən bir az çox, özü isə 7 faizdən bir az çox səs toplayıb.
Partiyanın millət vəkilləri sırasından da daha bir partiyanın rəhbəri, Demokrat Partiyasının lideri Gültekin Uysal deputat mandatı əldə edə bilib.
"Səadət”çilərdə də istefa çağırışları səslənməkdədir.
Partiyanın həm prezident, həm parlament seçkilərində ehtimal olunan 5-6 faizlik nəticəyə belə nail olmaması, lider Təməl Karamollaoğlu ətrafında narazılıqların meydana gəlməsinə səbəb olub, onun da istefaya getməsi ilə bağlı "səadətçilər” tərəfindən tələblər eşidilməkdədir.
Qeyd edək ki, "səadət”çilər yalnız CHP sıralarından cəmi üç deputat yerinə sahib olublar.
7news.Az








