RU
Kirayə pulu ödəmək üstündə iş yoldaşını öldürən şəxs 14 il cəza alıb
19:33
373

Kirayə pulu ödəmək üstündə iş yoldaşını öldürən şəxs 14 il cəza alıb

Bakı Apellyasiya Məhkəməsində Biləsuvar rayon sakini Mənsur Məmmədovun (1991-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il yanvarın 23-də daxil olan məlumat əsasında Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları Bakıxanov qəsəbəsinin Sülh küçəsindəki mənzillərdən birində üzərində zorakılıq əlamətləri ilə Lənkəran rayon sakini Taleh Səmədovun (1989-cu il təv.) meyitini aşkar ediblər və həmin cinayətin törədilməsində şübhəli bilinən Mənsur Məmmədov saxlayıblar. İlkin dindirmə zamanı, o, dostunu şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində öldürdüyünü bildirib. Rayon prokurorluğunda iş üzrə CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, T.Səmədov kəllə-beyin travmasından irəli gələn kəskin qanitirmədən dünyasını dəyişib.

İstintaqla müəyyən edilib ki, Məmmədov və Səmədov mənzildə kirayəşin yaşayıblar, tez-tez aralarından kirayə pulu ödənişi üstündə mübahisələri olub, hətta bəzən vəziyyət əlbəyaxa davaya çatıb. Yaşça böyük və fiziki cəhətdən güclü olan Taleh Mənsuru döyüb.
Ayın 23-də axşam vaxtı yemək yeyərkən, onlar spirtli içki qəbul ediblər. Növbəti münaqişədən sonra, Səmədovun yuxuya getməsini gözləyən Məmmədov eyvandan götürdüyü baltanın arxa tərəfi ilə onun baş nahiyyəsindən güclü iki zərbə endirib və onu qəsdən həyatdan məhrum edib.

Məhkəmə prosesində Mənsur Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, törətdiyi əməldən peşman olduğunu qeyd edib. Təxminən 1 il əvvəl Bakıya gələn Mənsur fərdi qaydada ev təmiri ilə məşqul olan briqadaya işə düzəlib, elə alınıb ki, Lənkəran rayonundan gələn iş yoldaşı Taleh ikisinə bir evi kirayə tutmağı təklif edib. Axtarışlardan sonra onlar Bakıxanov qəsəbəsində 150 manata mənzil tapıblar. Әvvəl münasibətləri yaxşı olub, bir yerdə işə gedib-qayıdıblar. Aralarındakı münasibət hadisədən iki ay əvvəl pisləşib, birinci dəfə Səmədov rayona gedib və 10 gündən sonra geri qayıdıb. Ayın sonunda ev yiyəsi aylıq pulu istədikdə Taleh ona iki həftə evdə olmadığını deyib və təkid edib ki, pulu bu ay Mənsur verməlidir. Növbəti ay anoloji vəziyyət təkrar olunub, aralarında yaranan münaqişə zamanı dava düşüb və Səməmdov ona əl-ayaq zərbələri ilə xəsarətlər yetirib. Ayın 23-də işdən gələrkən onlar mağazadan iki şüşə araq alıblar. İlki şüşədən sonra yenə də ödənişə görə sözləşməyə başlayıblar. Taleh deyib ki, bu ay da pul vermək fikiri yoxdur, qoy özü versin, cavab olaraq Mənsurda "lox" olmadığını bildirib. Onda Taleh stuldan qalxaraq, sifətinə yumruq atıb, ardınca isə onu ayaqla vurub. Hər ikisi sərxoş olub. Taleh məsələni sonra aydınlaşdıracaqlarını deyərək, yatmağa gedib. Masa arxasında tək qalan Mənsur bir az düşənəndən sonra, dostundan qisas almaq qərarına gəlib, otağa baxanda Talehi yatmış görüb. Buna görə baltanı götürərək yavaş çarpayıya yaxınlaşıb və başından zərbələr endirib. Sonra stolda qalan araqdan içərək səhərin açılmasını gözləyib və polis bölməsinin yerini öyrənərək, könüllü ora yollanıb.

Zərərçəkmişin hüquqi varisi İsmayıl Səmədov ifadəsində göstərib ki, oğlu rayondan Bakıya gələrək, tikintidə fəhləlik edib, Talehin ölməsi xəbərini ona polis bölməsindən bildiriblər. Bakıya gəldikdən sonra bilib ki, oğlunu yatmış vəziyyətdə otaq yoldaşı öldürüb. Zərəçəkən təqsirləndirilən şəxsə sərt cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmlə əlaqədar təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək cəzasının yüngülləşdirilməsini xahiş edib, lakin işi araşdıran məhkəmə onun şikayətini təmin etməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ