Azərbaycanda baş verən kriminal hadisələr arasında daha çox kişilərin həyat yoldaşlarını öldürdükləri faktlarına tez-tez rast gəlirik.
Əksər hallarda belə cinayətlərə səbəb həyat yoldaşından şiddət görmüş qadının boşanmaq istəyi olur. Həyat yoldaşını sanki əşyası kimi görən kişi, bunu öz qüruruna sığışdıra bilmir və ilk əl atdığı şey bıçaq olur…
Bəzi hallarda isə gizlin manyak dediyimiz kəslər var ki, onlarda ailə qürur, iş sahibi olur, lakin bir anda heç nədən həm qadınına, həm də uşaqlarına bir göz qırpımında qəsd edir.
Görəsən,kişilərin illərlə yaşadığı qadınına və uşaqlarının anasını vəhşicəsinə öldürməsinə başqa nə səbəb ola bilər?
Bu məsələnin psixoloji tərəflərini araşdırmaq üçün psixoloq Dəyanət Rzayevlə əlaqə saxladıq.
O, bildirdi, təəssüflər olsun ki, bu sahədə statistika aparılmır: “Belə cinayətlərin sayının dəqiq bilinməsi üçün yaxşı olardı ki, bu istiqamətdə statistika aparılsın.
Belə cinayətləri törədənlər həyat yoldaşı yox, psixopat olur. Psixopatlar çox yaxşı maskalanır. Həmçinin bu zamanla da bağlıdır. Zaman və insanlar dəyişib. İnsanlarda sanki vəhşiləşmə gedir. Azərbaycan kişilərinin şüurunun altında daim bu fikir var: “Kişi qadından üstündür!”. Bu komplekslər kişilərin daxilində daim var. İnan ki, bu cinayətləri araşdırmaq lazım gəlsə, obyektiv və normal səbəb tapmaq mümkün olmayacaq. Çünki belə cinayətlər səbəbsiz törədilir. Çox vaxt qısqanclıq səbəb kimi gətirilir, amma qısqanclıq sadəcə bəhanədir. İnan ki, həmin insan gec-tez bu cinayəti edəcəkdi və sonda edir”.
Psixoloq qeyd etdi ki, bu, cinayətkarın şəxsiyyətindən də irəli gəlir: “Onlarda çox dərin şəkildə qeyrət-namus kompleksi olur. Bəzən olur ki, normal ailəsi və yaxşı xanımı olur, amma daim həmin insanın beynində bir fikir olur kimsə nəsə dedi.
Belə bir cinayətin şahidi olmuşdum. Həyat yoldaşını qətlə yetirən kişidən soruşurlar ki, bunu niyə etdin? Deyir: “Onun haqqında pis-pis söhbətlər gedirdi”. Lakin kim edirdi və niyə edirdi barəsində heç bir səbəb və fakt olmur. Absurd bir məsələdən böyük cinayət törədilir. Məhz bu kompleksdir.
Psixoloji problemlərə qaldıqda isə, o, hər kəsdə olur. Ona görə heç kim heç kimi öldürmür. Söhbət heç psixi pozuntudan da getmir. Çünki ruhi xəstələr çox nadir hallarda belə bir cinayətə əl ata bilərlər. Burda söhbət daha çox psixopatlardan gedir. O psixopat ki, onların daxilində cinayət törətmək xəstəliyi var”./atv
7news.az








