RU
Kitab, eləcə də mütaliəyə meyli gücləndirmək üçün hansı aksiyalar keçirək?
11:48
3478

Kitab, eləcə də mütaliəyə meyli gücləndirmək üçün hansı aksiyalar keçirək?

Ötən illərdədə də Azərbaycanda ciddi və intellektua kitab oxuma vərdişinin, səviyyəli mütaliə etmək meylinin nəzərəçarpacaq dərəcədə azaldığının şahidi olduq. Cəmiyyətimizdə mütaliə qabiliyyətinin artırılması üçün müxtəlif ekspertlər - sahə mütəxəssislərinin diskussiyaları vacibdir, eyni zamanda bu milli problem ilə əlaqədar cəmiyyətdə köklü tədqiqatlar və təhlilər aparılması vacibdir. Sözügedən mövzunun aktuallığını nəzərə alaraq bir daha fikirləri - kulturoloji ekspert rəyim sizlərlə bölüşürəm və hamını müzakirəyə dəvət edirəm... Bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi ədəbiyyata və kitaba maraq getdikcə azalır. Bu dünya tendensiyası 20-ci əsrdən başlayıb. Digər vasitələr - teatr, radio və daha sonra televiziyanın, nəhayət İKT-nin - İnternet, elektron kitabxanalar və sosial şəbəkələrin meydana çıxması insanları kağızla ötürülən mətnlərdən, ənənəvi kitablardan bir qədər ayırdı. O vaxtdan başlayaraq filosoflar, filoloqlar, sosioloqlar və sair ixtisas sahibləri şikayət edirdilər ki, əvvəlki nəsillər daha yaxşı oxuyurdu, biz və bizdən sonrakılar isə oxumurlar. Bu cür şikayət tendensiyası indi də davam edir. Burada, əlbəttə, bəlli bir həqiqət var. Hər yeni texnologiya özü ilə yeni düşüncə və yanaşma tərzi gətirir. Bu da daha əvvəl mövcud olmuş texnologiyaların qarşısından sədd çəkir. Lakin bütün bunlara baxmayaraq, intellektual məsələlərə maraq heç zaman itməyib. Əgər əvvəl ancaq yazılı mətnlə informasiya, o xümlədən intellektual informasiya qəbul olunurdusa, indi vizual və eşidilən formalarda da informasiya qəbul olunmaqdadır. Bu da normaldır. Məsələn, bir ara yazı mədəniyyətinin, məktub mədəniyyətinin get-gedə ölməsi haqda polemikalar gedirdi. Amma mobil telefon, internet ortaya çıxdı, SMS yazmaq, e-maillə yazışmaq mümkün oldu. Bu isə ona gətirib çıxardı ki, insanlar indi yeni formada yenə də yazışırlar, məktublaşırlar. Bu baxımdan oxu, mütaliə mədəniyyəti ilə bağlı müqayisə aparsaq, görərik ki, əslində oxu mədəniyyətində də yeniliklər olur. Məsələn, son vaxtlar insanlarımızın qəzet, jurnal və sair ənənəvi informasiya vasitələrindən yararlanmağı nəsə yavaş-yavaş tərgitməyə meyillidirlər. Bu isə o deməkdir ki, cəmiyyətimiz də dünyaya inteqrasiya edərək ən yeni informasiya texnologiyaları vasitələrindən yararlanırlar və mütaliə müstəvisini də İKT üzərində qurmağa çalışırlar. Məsələn, hər hansı bir yazıçının yeni əsəri yalnız 500 tirajla çap olunursa, bizim yaratmış olduğumuz kitabxana.net saytında, yəni virtual kitabxanada elə həmin yazıçının əsərini yerləşdiririk, bir aydan sonra 5 milyondan çox oxucu, azərbaycandilli insan həmin əsərlə tanış olur. Amma bu cür virtual kitabxanalardan Azərbaycan ictimaiyyəti nə dərəcədə bəhrələnə bilir? Kütləvi, kifayət sayda azərbaycandilli oxucunun dünya ədəbiyyatı, müxtəlif sahələrə aid yeni kitablarla İnternet vasitəsi ilə, sərbəst şəkildə tanış olmaq imkanı varmı? Bu suala birbaşa cavab vermək çətin olsa da, qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətinin bu istiqamətdə qəbul etdiyi bir çox proqram mövcuddur. Məsələn, orta məktəblərin kompyüterləşdirilməsindən tutmuş, elektron hökumət proqramına qədər misal çəkmək olar. Ötən illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra şirkətlər "Xalq kompyüteri" proqramını gerçəkləşdirməyə başladılar. Kompyüter və İKT ilə bağlı qiymətlər də getdikcə aşağı düşür, üstəlik daha yeni smart, ağıllı cihazlar yaradılır. Burada maraq və həvəs eyni zamanda insanın öz daxilindən gəlməlidir. Bir fərqli mədəniyyət işığına ehtiyac var. Kağızdakını mütaliə etməyən İnternetdəkini də oxumayacaq. Fəqət kağızda oxuyan yaşlı nəslin bir çox nümayəndələri artıq İnternet - virtual, yaxud elektron mütaliəyə meyllərini artırırlar. Ümumiyyətlə götürsək, hazırda əvvəlki dövrə nisbətən kitab satışı və çapı da qat-qat azalıb: statistika yalnız nəşrlərin keşidinin çoxaldığını göstərir. Bütün dünyada olduğu kimi, bizdə də indi intellektuallar daha çox oxumağa meyilləniblər ki, onlar üçün kitabın kağız və ya İnternet - elektron variantının heç bir fərqi yoxdur. Bu da mütaliə edənlərin keyfiyyət dəyişkənliyinə aparıb çıxarır. Daha dəqiq ifadə etsək, mütaliədə keyfiyyət önə çıxmaqdadır. Buna baxmayaraq, yenə də mütaliəyə həvəsin azalmasının şahidi oluruq. O mənada cəmiyyətdə, eləcə də müvafiq dairələrdə bu məsələnin diqqətə götürülməsinə ehtiyac var. Çox sevindirici haldır ki, son dövrlərdə Azərbaycanda bu məsələyə ciddi önəm verilməyə başlanılıb. Belə ki, 2004-2009-cu illər ərzində hər il 300 addan çox dünya və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri 25 min tirajla, latın qrafikası ilə çap edilib və ölkə kitabxanalarına paylanılıb. Eyni zamanda 150 adda xarici ədəbiyyat yenidən nəşr edilərək oxucularımızın ixtiyarına buraxılıb. Müxtəlif nəşriyyatlar tərəfindən hazırlanan yülərlə adda yeni və klassik əsərlərdən ibarət nəşrləri də bura əlavə edə bilərik. Özəl və qismən dövlət nəşriyyatları çoxlu sayda kitablar buraxırlar. İctimai qurumlar kitabla bağlı kulturoloji layihələr həyata keçirirlər. Bu layihələr zamanı bir çox sənət müsabiqələri də təşkil olunur ki, kitabı və mütaliəni geniş kütlələr arasında populyarlaşdırsınlar. Bu məsələlərlə bağlı bizə intensiv müraciətlər edilir və hər gün kitabla bağlı çoxsaylı xahişləri yerinə yetiririk. Ancaq yenə də söhbət açdığımız aktual məsələnin üzərinə qayıdaraq bildirək ki, cəmiyyətimizdə sanki oxucular kütləvi surətdə kitablardan üz çevirib. Bunun çoxlu obyektiv və subyektiv səbəbləri var. Əsas məsələ odur ki, insanların kütləvi marağından istifadə edib daha asan qəbul edə biləcəkləri formatda kitabları onlara çatdırmalıyıq. Məsələn, çox nəfis, 20-30 manatlıq kitablar çap olunub ki, əlbəttə, qiymətinə görə onlar əsasən tələbə və gənclərdən ibarət, sosial cəhətdən nisbətən aztəminatlı vətəndaşlardan ibarət kütləvi oxucuları cəlb edə bilməz. Bu baxımdan iki sahədə iş görülməlidir: həm dövlət, həm ictimai qurumlar və yazıçılar, eləcə də oxucuların özləri də məsələ ilə bağlı təşəbbüslər göstərməlidir. Yeni oxu mədəniyyəti formalaşdırmalıyıq: İKT vasitəsilə fərqli - virtual mütaliə vərdişinə kütləvi şəkildə alışmağın vaxtıdır. O mənada müxtəlif saytların yaradılması, DVD, virtual, səsli və digər elektron formatda kitabların nəşri, televiziyada və KİV-də ədəbiyyat və kitabla bağlı maarifləndirici verilişlərin, yazıların mütəmadi getməsi, çeşidli mədəni aksiyaların keçirilməsi məqsədəuyğun olardı. İkincisi isə sözsüz ki, Azərbaycan milli kitablarına ictimai-mədəni hörmət lazımdır. Son bir neçə ildə belə bir təkliflə çıxış edirik ki, Azərbaycanda satılan kitabların ən azı 60 faizi azərbaycanca olmalıdır. Bu da cəmiyyətə bir mesajdır və ciddi qəbul edilmək ehtimalı çoxdur...

Aydın Xan (Əbilov),
kitabxana.net - Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri,
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,
yazıçı-kulturoloq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ