Avropa Birliyi gələn həftə Azərbaycanla Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə qaz tədarükünün artırılması məsələsini müzakirə edəcək.
7NEWS.Az xəbər verir ki, bu barədə "Financial Times” qəzeti öz mənbəyinə istinadən xəbər yayıb.
Məlumata görə, Avropa Birliyinin energetika məsələləri üzrə ali komissarı Kadri Simpson gələn həftə Bakıya səfər edərək energetika naziri Pərviz Şahbazov, həmçinin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.
"Biz danışıqlarda Azərbaycanın Avropaya qaz tədarükündə rolunun diversifikasiya olunması məsələsinin müzakirə olunacağını gözləyirik. Bu Avropaya TAP vasitəsilə ötürülən təbii qaz həcminin artırılmasını da nəzərdə tutur. TAP-ın hazırkı gücü ildə 10 milyard kub metr təşkil edir, Azərbaycan Avropa Birliyinin etibarlı və stabil tərəfdaşıdır”, - deyə "Financial Times”-a Aİ-dən adı açıqlanmayan mənbə məlumat verib.
Qəzet Azərbaycandan qaz tədarükünün artırılmasının Avropa Birliyi ilə Rusiya arasında Ukrayna ətrafında yaranmış gərginlik fonunda yaşandığını vurğulayıb.
7NEWS.Az








