Noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib. Rusiya tərəfi və sağ qalmış pilot isə iddia edir ki, qırıcılar Türkiyə sərhədlərini pozmayıblar və əməliyyatlar Suriya ərazisində aparılıb.
Münaqişə ilə bağlı bir sıra fərziyələr də irəli sürülür. Kütləvi İnformasiya Vasitələri isə məsələyə birmənalı yanaşmadı. Həm yerli, həm də beynəlxalq mətbuatda hər iki ölkəni özündən çıxaran yazılar, videosujetlər tirajlanmağa başladı. Məsələyə münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev KİV-in bu prosesdə xüsusi rola malik olduğunu dedi: “Media hər zaman hadisələrin gedişatını dəyişməyə qadirdir. Son illər internet-medianın inkişafı KİV-in strateji rolunu bir qədər də artırdı. Son məlum hadisə zamanı ölkəmizdə fəaliyyət göstərən bəzi media qurumları qıcıqlandırıcı münasibətlər, şərhlər tirajlamağa başladılar. Təbii ki, ölkəmizdə ciddi şəkildə mətbuat, söz azadlığı var. Lakin bu məsələdə hesab edirəm ki, ölkəmizin maraqları ön plana çıxmalıdır. Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün strateji ölkələrdi və onların gərgin münasibəti, eyni zamanda, bizə də təsir edəcəkdir. Bu mənada biz maksimum şəkildə hər iki ölkə arasında münasibətlərin normallaşmasına çalışmalı, hətta müəyyən mərhələdə vasitəçilik missiyasını belə üzərimizə götürməyə hazır olmalıyıq”
Ölkə mediasında hər iki dövləti qıcıqlandıracaq şərhlərin tirajlanmasının düzgün olmadığını deyən A.Verdiyev medianı həssas olmağa çalışdı: “Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır, işləyirlər. Eyni zamanda, Türkiyə bizim qardaş ölkədir və biz “bir millət, iki dövlət” devzinə hər zaman sadiq olmalıyıq. Lakin mediada bəzi tanınmışların konkret mövqe ortaya qoymaları, cəbhələrə bölünməsi bütövlükdə cəmiyyətin parçalanmasına gətirib çıxara bilər. Bu mənada hesab edirəm ki, media nümayəndələri Rusiya ilə Türkiyə arasında olan gərginliyə həssas yanaşmalıdırlar”
7News.az








