ABŞ Prezidenti Donald Trampın müşavirləri ona ictimai dəstəyi qorumaq üçün İrana qarşı müharibədən çıxış yolu axtarmağı məsləhət görüblər.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Xəbərə görə, ABŞ lideri Tehranın təslim olmaqdan imtina etməsindən təəccüblənib. Prezidentin yaxın ətrafı hərbi münaqişədən çıxmaq üçün bir plan hazırlamağı və bunu da ABŞ ordusunun qarşıya qoyduğu məqsədlərinə nail olması kimi qələmə verməyin lazım olduğunu düşünürlər.
Nəşr qeyd edir ki, İrana qarşı əməliyyata görə onsuz da aşağı səviyyədə olan ictimai dəstək, əgər bu münaqişə uzunmüddətli olarsa, daha da azala bilər:
"Qaz və neftin qiyməti artdıqda, hər şey artacaq. Məhsulların əlçatanlığı artıq problemli olub, bu da daha böyük problemlərə gətirib çıxaracaq", - deyə D.Trampın qeyri-rezident iqtisadi müşaviri Stiven Mur nəşrə bildirib.
Bazar ertəsi günü ABŞ prezidenti jurnalistlərə bildirib ki, İrana qarşı əməliyyatın tezliklə başa çatacağına inanır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.








