RU
Könlümün sevgili məhbubu mənim Vətənimdir, vətənimdir, vətənim...
19:30
6805

Könlümün sevgili məhbubu mənim Vətənimdir, vətənimdir, vətənim...

Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətən sevgisi, ana sevgisi qədər müqəddəsdir. Bu cür sözləri, ibarələri nə qədər desəniz yazmaq olar, demək olar, şüar formasına salıb hər yerə yaymaq da olar. 
Vətən - doğma diyar, ana yurd, babaların, dədələrin əmanəti., tariximiz, ənənəmiz, azadlığımızdır
Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.
 Vətən anlayışı insanın yaranmasıyla meydana çıxmışdır. İnsan yaradıldıqdan sonra çoxalaraq yer kürəsinin müxtəlif yerlərində yayılmağa başladı. Bu minvalla tayfalar, qəbilələr, millətlər, xalqlar meydana gəldi. Daha sonra ortaya çıxan bu xalqların özünəməxsus daimi yaşayış yeri, danışıq dilləri, adət-ənənələri və s. ortaya çıxdı. Beləliklə vaxt, zaman keçdikcə bu xalqlar böyüməyə başladı, hərəsi bir-birindən müəyyən məsələlərdə fərqlənməyə başladılar. Nəticədə bu toplumlar öz məskunlaşdıqları, böyüyüb boya-başa çatdıqları yerləri Vətən adlandırmağa başladı. Əlbəttə ki, bu çox məsuliyyətli bir addım idi. Çünki əgər bir xalqın, millətin vətəni müəyyən olundusa, bundan sonra bu torpaqda yaşamağın məsuliyyəti birəbeş artacaqdı. Belə ki, bu torpağı yadellilərdən, xain gözlərdən, düşmənlərdən qorumaq bu cəmiyyətin vətəndaşlarının boynuna düşəcəkdi. Əks halda onlar düşmən tərəfindən daim təzyiqə və işkəncələrə məruz qalacaqlardı. Bir sözlə, hər bir toplum öz qayda-qanunları çərçivəsində yaşamalı, digər toplumlarla xoş münasibət qurmalı, başqasının haqqını qəsb etməməli, onların nailiyyətlərinə paxıllıq etməməli, bir-birlərilə dost-qardaş münasibətləri şəraitində həyatlarını davam etdirməliydi.
Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır. Bu əqidəsi möhkəm insanların sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə az olmuşdur. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti sözügedən həqiqi vətəndaşlara xas olan qabarıq xüsusiyyətlərdəndir. Bunlar o eqoist hisslərdən deyil ki, başqalarını əzsin, məhv etsin özünü üstün bilsin. Əsla! Bu sevginin mənbəyi ümumiyyətlə torpağa olan bağlılıq və hörmətdir ki, bu nemət Uca Allah (c.c) tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik .Əziz İslam Peyğəmbəri Muhəmməd (s.ə.s) buyurmuşdur: "Vətəni sevmək imandandır". Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır.
Sevdiyi, maraq duyduğu məsələyə olan ciddi münasibətini insan yeri gəldikdə gərək öz əməliylə təsdiqləsin. Yoxsa, onun iddiası boş və mənasızdır. Belə ki, vətənin həm şad, həm də kədərli günündə yanında olmaq gərəkdir. Məşhur atalar sözü vardır: "Dost dar gündə tanınar". Həqiqətən də dar gündə tanınmaq daha şəffaf baş verir, nəinki xoş gündə. İnsan həqiqətən sevdiyi bir işin reallaşması üçün bütün qüvvələrini səfərbər edir ki, nəticə müsbət olsun. Çünki bunu kiməsə xatir etmir. Tam içindən gələn bir istəkdir. Əslində kamil insanların da həyat tərzi belədir. Belə insanlar gördükləri hər işi sevə-sevə, əqllə və mənəvi həzz alaraq edirlər. Vətənin çətin günündə həll yolu düşünüb addım atmaq da belədir. Kamil vətənpərvər insanlar lazımi, düşünülmüş addımlar atırlar. Hətta bəzən gözlənilmədən işlər görürlər ki,cəmiyyət bu addımı ilkin mərhələdə tənqid edir. Fəqət onun mühümlüyü sonradan anlaşılır. Vətən üçün çoxlu xeyirxah işlər görmək olar. O əməllərdən ən mühümü lazım olduğu təqdirdə vətən uğrunda öz canından keçməkdir.
İnsanın dünyaya göz açdığı yurda qırılmaz tellərlə bağlılığı, yurdun azadlığı, inkişafı naminə mübarizələri daim bəşəri mövzu olaraq ən müxtəlif xalqlara, dövlətlərə mənsub sənətkarların diqqətini cəlb edib. Azərbaycan incəsənətinin və ədəbiyyatının tarixində vətənpərvərlik mövzusunu tərənnüm edən yüzlərlə örnəklər yaddaşlarda dərin izlər buraxıb. Xalqın yurd sevgisini, vətənin bütövlüyünü, maddi və mənəvi əmanətlərini qorumaq üçün unudulmaz şəxsiyyətlərin fəaliyyətini əks etdirən, peşəkarlıqla lentə alınmış ekran əsərləri milli kinomuzun tarixinin parlaq səhifələrini təşkil edir. Vətəni ürəkdən sevən, onun uğrunda hər zaman şüur və cəsarətlə mübarizə aparan insanların tərbiyəsi, hər bir ürəkdə vətən qayəsinin bütün digər düşüncələrin fövqündə dayanması müstəqillik yolunda inamla irəlilədiyimiz bu günlərdə daha aktualdır. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir. Müdrik bir kəlamda deyilir: "Vətəndə ölməyən iki dəfə ölür". Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Torpağa, yurda sevginin əsası isə ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb, ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidirlər. Bunun üçün məktəblilər yurdun tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır.
İndiki tarixi mərhələdə Azərbaycan gənclərində vətənpərvərlik hisslərinin formalaşması Azərbaycan üçün milli demokratik dövlət quruculuğu ilə sıx bağlılıqda olmalıdır. Vətənə məhəbbət hər şeydən əvvəl dövlət quruculuğunda fəal iştirakda ifadə olunmalıdır. Doğma yurda sədaqət hər şeydən əvvəl mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Vətənin maraqlarını qorumaq istəyi müstəqilliyi və ərazi bütövlüyünü, millətin maddi və mənəvi dəyərlərini qorumaq kimi başa düşülməlidir. Bütün bunların mənəvi-əxlaqi stimullaşdırıcısı isə vətənin keçmişi və indiki tarixi haqqında obyektiv biliklərə əsaslanan qürur hissi olmalıdır.
İnsanoğlunun xislətində yaradılışından ömrünün sonuna qədər belə bir psixoloji hiss mövcuddur: qarşılıq. Daha dəqiq desək, insan bəzən hansısa bir hərəkətinin, sözünün qarşılığında təmənna umur. Müəyyən məqamlarda bu, insanın ən təbii haqqıdır. Amma yeganə bir varlıq vardır ki, o, təmənnasız olaraq sevilir, ona təmənnasız olaraq xidmət edilir – VƏTƏN! Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”. 
Son olaraq deyə bilərəm ki, Vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəni olmaq həm də azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim olanın layiqincə sevilməsi, qorunması və nəsildən nəslə ötürülməsi ilə mümkündür.
 
 

Rövşən Əvəzoğlu

Müstəqil araşdırmaçı


 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ