RU
Kokain və ekstazi gətirən biznesmənlərin şikayətləri təmin edilməyib
10:49
935

Kokain və ekstazi gətirən biznesmənlərin şikayətləri təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Türkiyə vətəndaşı Atila Boran Talha oğlunun (1979-cu il təv.) və Bakı ş. sakini Ramil İsmayılovun (1986-cı il təv.) CM-nin 206.3.1 (qaçaqmalçılıq, təkrar törədildikdə), 206.3.2 (qaçaqmalçılıq, əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), 234.4.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri təkrar əldə etmə və ya saxlama ) və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama ) maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, ötən il sentyabrın 24-də bir qrup şəxsin ölkəyə gizli yollarla narkotik vasitə və psixatrop maddələr gətirib satması barədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov rayon ərazisində Atila Boran saxlanılıb. Axtarış zamanı onun üzərindən, həmçinin yaşadığı mənzildən 40 qram kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 həb ekstazi aşkar olunaraq götürülüb.

Dindirmə zamanı onun ifadəsi əsasında Xətai rayon sakini Ramin İsmayılov saxlanılıb, onun üzərindən 15 qram kokain və 30 həb ekstazi aşkar edilib.

İstintaqın gedişatında Atila Boranın Azərbaycanda bizneslə məşğul olması, narkotik maddələrin satışına isə son bir ildə başlaması məlum olub. O, etiraf edib ki, biznes ortağıRamin İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə Bakıya müxtəlif tərkibli narkotik maddələr gətiriblər və realizə ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Boran 8, R. İsmayılov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayətləri verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. 

Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib və qərara əsasən birinci istansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ