RU
Komitə sədri bir sıra dövlət rüsumlarının azaldılmasını şərh etdi
13:09
297

Komitə sədri bir sıra dövlət rüsumlarının azaldılmasını şərh etdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda və ölkənin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin azaldılması ilə bağlı qanun layihəsini şərh edib.

T.Mirkişili Oxu.Az-a açıqlamasında deyib ki, müvafiq sahədə dövlət rüsumlarının azaldılmasını nəzərdə tutan qanun layihəsi sosial yönümlülük prinsiplərinə əsaslanır.

Deputatın fikrincə, sözügedən əməliyyatlara görə ölkə daxilində tətbiq olunan bir sıra dövlət rüsumları ilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində həyata keçirilən eyni xidmət və hüquqi hərəkətlər üçün rüsumlar arasında kəskin fərqlər mövcuddur.

"Azərbaycanda dövlət qurumları tərəfindən nikahın qeydə alınmasına görə beş manat, sənədlərin sorğu əsasında alınmasına görə hər sənəd üçün dörd manat, sənədlərin leqallaşdırılmasına görə dörd manat, etibarnamələrin notarial təsdiqinə görə 5-20 manat, sənədlərdəki imzanın həqiqiliyinin təsdiqinə görə iki manat rüsum müəyyən edilir. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə isə bu rəqəmlər müvafiq olaraq 40, 25, 50 və 60 ABŞ dolları təşkil edir”, - deyə, T.Mirkişili fərqləri izah edib.

O xatırladıb ki, xaricə səfər edən Azərbaycan vətəndaşları sənədlərini itirərsə, onlara ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə tutulan rüsum 40 dollardır.

"Bu isə çətin vəziyyətə düşmüş vətəndaşlar üçün yüksək məbləğdir”, - deyə, komitə sədri əlavə edib.

Bildirək ki, Azərbaycanın diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılması üçün "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bununla da bir sıra hüquqi xidmətərə görə təyin olunan dövlət rüsumunun məbləğləri aşağı salınır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ