RU
Kremlin Bakıya Qarabağ təzyiqi: Lavrov hansı mesajı verir?
17:03
795

Kremlin Bakıya Qarabağ təzyiqi: Lavrov hansı mesajı verir?

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında gözlənilməz bəyanat verdi:

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”.

Lavrovun bu açıqlama ilə hansı mesajlar verdiyi maraqlıdır. Xüsusilə Azərbaycan-Rusiya münasibətlərinin yüksək olduğu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəallaşdığı və beynəlxalq siyasətdə yaranmış şərtlər fonunda Moskvanın anti-Bakı mövqeyi sərgiləməsi suallar doğurur.

Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, Lavrovun Qarabağla bağlı səsləndirdiyi fikirlər son hadisələrlə bağlıdır:

"Rusiyada ard-arda baş verən bəzi hadisələr Azərbaycanın maraqlarına ziddir. KVN festivalına qondarma "DQR”-in komandasının dəvət olunması buna misal ola bilər. Bununla yanaşı, Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapişinə görə Azərbaycan və Rusiya arasında gərginlik yaşanır. Azərbaycan Lapişinlə bağlı məsələdə beynəlxalq hüquqa əsasən doğru addım atıb. Çünki Lapişin Azərbaycan qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, sərhədlərimizi keçərək Qarabağa səfər edib. Daha sonra Azərbaycanın əleyhinə bəyanatlarla çıxış edib. Rəsmi Bakı da haqlı olaraq İnterpol xətti ilə onu beynəlxalq axtarışa verdi və hazırda Belarusda həbs olunan Lapişinin Azərbaycana ekstradisiyası məsələsi gündəmdədir. Rusiya buna birbaşa etiraz etməsə də, dolayısı yolla Azərbaycana təzyiqlər edir. Lapişin məsələsi Azərbaycan və Rusiya arasında yeni qalmaqal hesab oluna bilər”.

N.Miri qeyd edib ki, Rusiya Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir.

"Azərbaycan vətəndaşları öz doğma torpaqlarında girov götürüldü, lakin Rusiya bununla bağlı Ermənistana heç bir tələb irəli sürmədi. Bu gün Azərbaycan əsgərinin cəsədi Ermənistan tərəfindən girov saxlanılır, Moskva isə bu məsələdə susur. Lakin bunun əksinə olaraq Ermənistanın maraqları kontekstində çıxışlar edir. Bütün bunlar göstərir ki, Rusiya Azərbaycandan inciyib. Lavrov bildirir ki, "Qarabağ məsələsi Azərbaycan daxili işi deyil”. Əslində bu absurd fikirdir. Çünki əgər bu məsələ Azərbaycanın daxili işi deyilsə və beynəlxalq səviyyəyə qalxıbsa, o zaman beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu təsdiq edir. Lakin Lavrovun açıqlaması Rusiyanın Qarabağ məsələsindəki mövqeyində köklü dəyişikliklərdən irəli gəlmir”, - deyə o bildirib.

Politoloqun fikrincə, Azərbaycanla gərgin münasibətlər Rusiyanın maraqlarına uyğun deyil:

"Cənubi Qafqazda və Yaxın Şərqdə baş verən proseslər Rusiyanın xeyrinə cərəyan etmir. Digər tərəfdən, Suriya məsələsində Türkiyə ilə birgə hərəkət edən Rusiya Azərbaycanla münasibətlərin gərginləşdirilməsini istəmir. Bu baxımdan, Rusiyanın Qarabağ məsələsində fundamental mövqe dəyişikliyinin olmadığını deyə bilərik. Sadəcə olaraq, Moskva Azərbaycana təzyiqlər edir. Güman ki, burada əsas səbəblərdən biri məhz Lapişinlə bağlıdır. Çünki indiyə kimi ATƏT-lə birgə Qarabağ münaqişəsinin "mərhələli həll” planını dəstəkləyən Rusiya qəfil Ermənistanın maraqlarından çıxış edərək, "paket həll” variantını niyə irəli sürür?! Bu qəfil dəyişiklik köklü dəyişiklik deyil. Hesab edirəm ki, Rusiya bununla Bakıya öz mesajlarını verir. Lakin bu müvəqqəti davam edən prosesdir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva Lavrovun açıqlamasını Rusiyanın Ermənistana açıq dəstəyi kimi şərh edib.

Sosial şəbəkə hesabında məsələyə münasibət bildirən deputat qeyd edib ki, Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır:

"Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək. Ermənistan Azərbaycan torpaqlarını məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal edib. Yadımdadır, televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular… Qarabağla bağlı o müzakirələrdən qayıdıb, elə həmin kadrı vermişdim və altına da şərhsiz deyə yazmışdım”.

Milli Məclisin deputatı bildirib ki, işğal altında olan torpaqları azad etmək üçün Azərbaycan sadəcə öz gücünə arxalanmalıdır.

"Yanımızda sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik”, - deyə o vurğulayıb.

Q. Paşayevanın iki məqama toxunması da diqqət çəkib:

"Aprel döyüşləri deyəsən Lavrovu yaman narahat edib. Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan "sizin hərbi qüvvələrinizin Krımda nə işi var” - deyə soruşmayıb?”

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Lavrovun bəyanatının ziddiyətli olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya bir tərəfdən Azərbaycanla Ermənistanın öz arasında razılığa gəlməsini istəyir və qeyd edir ki, Minsk qrupunun həmsədr dövlətləri onları dəstəkləyəcək:

"Digər tərəfdən deyir ki, bu bizim daxili işimiz deyil. Necə ola bilər ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası məsələsini başqasına həvalə etsin?! Lavrovun bu sözləri beynəlxalq hüquqa ziddir. Rəsmi Moskva, eləcə də prezident Putin də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Heç kəs də indiyə qədər Dağlıq Qarabağı tanımayıb, tanımaq fikrində də deyil”.

F.Sadıqov Lavrovun bəyanatında başqa bir məqama diqqət çəkib.

"Lavrov deyir ki, ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusu məsələsi bir yerdə həll olunmalıdır. Bu, hər şeydən öncə Rusiyanın mövqeyinə zidd bəyanatdır. Bütün tərəflər, aparıcı dövlətlər və Minsk qrupunun həmsədr dövlətləri "mərhələli həll” planını dəstəkləyir. Yəni əvvəl ərazilər qaytarılmalı, daha sonra Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. Lavrov isə indi bütün bunların əksini deyir. Onun bu bəyanatı ziddiyyətli, məntiqsiz və qorxuludur”, - deyə politoloq vurğulayıb.//Publika.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ