Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə prosesində şahid dindirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən Aslan Hacıyev bildirib ki, qətl hadisəsinin baş verdiyi gecə klubunda adminstrator işləyib.
O deyib ki, hadisənin qız üstündə olduğunu eşidib: "Biz klubda dava salan şəxsləri çölə çıxartdıq. Konkret kimin kimi öldürməsindən xəbərim olmayıb. Səhər tezdən hüquq-mühafizə orqanları əməkdaşları mənə qətl hadisəsinin törədildiyini söylədilər. Dava zamanı İbrahimi orada görməmişəm".
Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən gecə klublarının birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, "Vəziyyət İbrahim" kimi tanınır.
7NEWS.Az







