Rusiyanın xarici işlər naziri Sergey lavrovun azərbaycanlı jurnalistin sualına cavab verərəkən, "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili məsələsi deyil” şəklində fikrini ifadə etməsi ciddi müzakirələrə səbəb oldu. Xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyev bu açıqlamaya reaksiya verib. Ötən gün "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı dövlət başçısı da bildirib ki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır: "Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik” - deyə prezident bildirib.
Lavrovun açıqlamasında sonra ona sual verən jurnalist - "Lider” TV-nin əməkdaşı Anar Abbasovun telekanaldan uzaqlaşdırılması da müzakirələrə səbəb oldu.
Dünən isə xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya rəsmi səfərə gedib. Səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

Baş verən prosesləri və Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumunu Bizimyol.info saytına Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc şərh edib. İlk olaraq jurnalistin Rusiyanın XİN rəhbərinə verdiyi suala görə işdən şıxarılması ilə bağlı deyilənlərə münasibət bildirən deputat bildirib:
"Hər hansı bir jurnalistin Lavrovdan sualı necə verməsinin üzərində geniş dayanmaq istəmirəm. Çünki ortada xeyli qeyri-müəyyən, qaranlıq məqamlar var və bu məsələni tam öyrənmədən təfərrüatlara vara bilməyəcəyik. Ona görə də verdiyimiz reaksiyalar müəyyən qədər yanlış ola bilər”.
O vurğulayıb ki, bütövlükdə götürəndə, Lavrovun hər hansı bir zəmində reaksiyası qeyri-korrekt idi və ötən illər ərzində Azərbaycana olan münasibətlərinin gizli tərəflərini aşkarlamağa imkan verdi. Çünki 2010-cu ildən etibarən Bakıya gəlməkdən imtina edərək, Azərbaycanla münasibətlərini Rusiya rəhbərliyi vasitəsilə görməyə çalışan Lavrov açıq-aşkar Qarabağ prosesinin gələcəyinə mənfi təsir göstərən aşıqlama ilə çıxış etdi. Bu gün Putinlə dünyanın münasibətlərinin hansı səbəbdən pozulduğu hamıya bəllidir. Qərb dairələri Krımın Rusiyaya qatılmasından və Donbas ətrafında yaranmış vəziyyətə görə Moskvanı kəskin şəkildə qınayır, buna görə Avropa Şurasında onları səsvermə hüququndan məhrum edib. Həmçinin 3 ilə yaxın bir müddətdir ki, ağır iqtisadi sanksiyalar altında saxlayır. Digər təfədən, Rusiya rəhbərliyi açıq mesajlarla ötən dövr ərzində Obamanın xarici siyasətini pisləməklə, əlaqələri demək olar ki, sıfıra endirməklə, diplomatik münasibətləri dayandırmaqla beynəlxalq münasibətlər sisteminə ağır zərbə vurduqlarını, hətta nüvə təhlükəsi yetişdirdiklərini söyləyirlər. Bununla da NATO-nun və ABŞ-ın siyasəti fonunda bölgədə yaranan gərginliyi diqqətə çatdırmaq istəyirlər. Belə olan təqdirdə Lavrovun leksikonu elə seçilməliydi ki, müəyyən qədər bölgədə dövlətlərin bütövlüyünü tanıyan, beynəlxalq hüququn prinsiplərinə uyğun olan, bununla paralel, Rusiyanın mənafelərini təhdid etməyən, sərhədləri yaxınlığındakı münaişələri çox da təqdir etməyən üsluba dayanardı. Belə arqumentlərlə çıxış hamı tərəfindən qəbul oluna bilərdi. Məsələ ondadır ki, əgər bu gün həqiqətən də Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyilsə, onda bu məntiqi bir az irəli aparsaq belə çıxır ki, əgər hər hansı bir bölgədə yeni dövlətin yaranması təqdir olunacaqsa, bundan təkcə Azərbaycan ziyan çəkməyəcək. Bu coğrafiyada beynəlxalq hüququn subyektləri kimi yeni dövlətlərin meydana çıxması fəlakətli bir vəziyyət yarada bilər”.
Zahid Oruc bu situasiyanı Yaxın Şərqdə baş verənlərlə müqayisə edib. "Obamanın prezidenetliyi dövründə qoyub getdiyi "miraslardan” hamı danışmağa başladı. Yekun qiymətləndirmə nədən ibarət oldu? Bir faktı deyim ki, Obama 2009-cu ildə Konstitusiyaya və "İncil”ə and içəndə qeyd etmişdi ki, Buş dövründən ona miras qalan iki münaqişəli ərazidən ABŞ əsgərlərini çıxaracaq. Ölkə içərisində buna yönəlik hərəkətlər var idi, cəmiyyət tabutlarda övladlarını qəbul etmək istəmirdi və Amerikanın dünyada nüfuzu kəskin şəkildə aşağı düşməkdəydi. Həmin mərasimdən sonra Obama Misirə gəldi və İslam dünyası ilə konflikti aradan qaldıracağını söylədi və çox ciddi mesajlar verdi. Qısa müddət sonra "Müsəlman qardaşları”nın rəhbərini "Ağ ev”də qəbul etdi və s. Bundan sonra isə təkcə Yaxın Şərqdə - İraqda 3 "dövlət”, Yəməndə 3 "dövlət”, Liviyada 4 "dövlət” yaranıb. Suriyada isə təxminən 4 "yarımdövlət” şəraitidir. Gördüyünüz kimi, mərkəzi hakimiyyətin gücü sınıdırlanda, mütləq o vakumu başqa bir ekstermist qüvvələr doldurur. Qara bayraqlı, müxtəlif idologiyalı silahlı qüvvələr o yerə iddia edir, orada öz hakimiyyətlərini elan edirlər. Ona görə də Lavrovun bəyanatına sırf o aspeltdən yanaşıram ki, əgər onlar Obama dövrünü İraqa münasibətdə çox kəskin problemlər yaratdığına görə itirilmiş zaman kimi qiymətləndirirlərsə, özləri həmin tezisləri və prinsipləri ölkənin xarici siyasətində göstərməmlidirlər. Məncə, Prezident İlham Əliyev Davos Forumu zamanı Rusiya televiziyasına verdiyi müsahibədə "Azərbaycan Rusiyadan silah alır” fikrini bu məqsədlə söylədi. Eyni Azərbaycan Dağlıq Qarabağın ikinci erməni "dövlətinə” çevrilməsinin qarşısını almaqla Rusiyanı da qoruyur. Dünən hərbi hissədəki çıxışı zamanı sanki Lavrovla xəyali polemika və diskussiya davam etdirildi. Yəni Azərbaycan Dağlıq Qarabağın ikinci erməni "dövlətinə” çevrilməsinin qarşısını almaqla Rusiyanı da qoruyur. Bu, İranın da maraqlarına cavab verir. Ona görə də bu məsələdə qəti mövqeyimizi qəbul etməliyik. Nə qədər ki, ayrı-ayrı dövlətlər müxtəlif coğrafiyalarda yeni "dövlətlərin” yaranması xəttinə üstünlük verəcəklər, bu, əks-effekt verəcək və onların daxilində mənfi nəticələr doğuracaq. Trampın hakimiyyətə gəlməsi də, Tramp fenomeni də Obama dövrünün ağır mirasının meydana çıxartdığı bir hadisədir”.
Deputat əlavə edir ki, ola bilsin, məsələ ilə bağlı Lavrov-Məmmədyarov görüşündə bir daha aydınlıq yaradılacaq. "Hər halda, bu bəyanat aprel döyüşlərindən sonra ermənilərin içərisində Rusiya əleyhinə olan ekspert camiəsini, yaxud Sarkisyanın ətrafında olan qüvvələri xeyli cəsarətləndirib və müəyyən qədər şokdan çıxarıb. Yəni anti-Rusiya mövqelərindən bir qədər geri çəkiliblər. Amma onlar da yaxşı bilirlr ki, Lavrov bu məsələdə söz deyən son instansya deyil, fərqli mövqe də ifadə edə bilər və s. Ona görə də hesab edirəm ki, Rusiya və Azərbaycan arasındakı danışıqlar bundan sonrakı dönəmdə bir sıra məsələlərdə daha açıq şəkildə aparılmalıdır. Bizim gözləntilərimiz mövcuddur, lakin bununla yanaşı, Lavrova görə Azərbaycan-Rusiya münasibətlərinin pozulmasının da əleyhinəyəm” - deyə Zahid Oruc bildirib. //bizimyol.info
7News.az








