İnquşetiyada keçirilən xüsusi əməliyyat nəticəsində öldürüldüyü deyilən "Qafqaz əmirliyi”-nin lideri Doku Umarov barədə ilginc məlumatlar yayılıb.
Suriyada İŞİD terror təşkilatına qarşı gedən döyüşlərdə bir neçə terrorçu yaralı halda ələ keçirilib. Həbs edilən terrorçulardan biri Doku Umarovun yaxın adamlarından olub. Adı açıqlanmayan həmin şəxs Qafqaz mücahidlərinin əmrinin şəxsi mühafizəsinə rəhbərlik edib. Onun sözlərinə görə, Doku Umarov "qanqrena”dan ölüb.
"İnquşetiyada keçirilən xüsusi əməliyyat nəticəsində bizim gizləndiyimiz yer bombalandı. Hadisə nəticəsində dostlarımızın çoxu öldü. Lakin Doku Umarov ayağından ağır yaralandı. Onu çətinliklə də olsa həmin yerdən sağ çıxara bildik”, - deyə terrorçu bildirib.
Bombardıman zamanı terrorçuların məskəni tamamən dağıdılıb. Bu səbəbdən də, Doku Umarovun öldüyünü düşünüblər. Lakin o, ağır yaralı halda mühafizəçilərinin köməyilə başqa yerə aparılıb. Uzun müddət gizlənsə də, onun vəziyyəti getdikcə pisləşib. Ayağında çürümə baş verdiyi üçün Doku Umarov təcili əməliyyat olmalıymış Lakin terrorçuların bütün yolları bağlı olduğu üçün ona həkim tapa bilməyiblər. Bu səbəbdən də, D.Umarov aldığı yaradan ölüb.
Yaxın dostunun sözlərinə görə, hüquq-mühafizə orqanları "Qafqaz əmirliyi”-nin liderinin çoxdan öldüyünü düşünsələr də, əslində Doku Umarov 2015-ci ildə ölüb. Buna qədər o, bir çox terror aktlarının hazırlanmasında iştirak edib.
Qeyd edək ki, Doku Umarovun hansı şəraitdə öldüyünü, əslində onun məzarının harada olduğunu təkcə ələ keçirilən həmin terrorçu bilib. Çünki Doku Umarovun son nəfəsində, onun yanında ən sadiq mühafizəçilərindən 3 nəfər olub. Sonradan saxlanılan terrorçu arada yaranmış mübahisə nəticəsində digər 2 nəfəri öldürüb. Onları basdırıb və özü isə gizlincə Suriyaya gedib.
Xatırladaq ki, 2010-cu il, 29 mart tarixində Moskva metrosunda törədilən dəhşətli terror aktı birbaşa Doku Umarov tərəfindən planlaşdırılıb. Plana görə, kamikadze terrorçu tərəfindən "Lubyanka” və "Park kulturı” metro stansiyalarında partlayış törədilib. Nəticədə 41 nəfər həlak olub, 88 nəfər yaralanıb.
Bir neçə dəfə Doku Umarovun "ölüm” xəbəri yayılsa da, bu informasiyaların heç biri öz təsdiqini tapmamışdı./olke.az
7news.Az








