Bir müddət öncə Lənkəran rayonunun Şürük kəndində mama-ginekoloq kimi fəaliyyət göstərən Sevil Əhmədovanın evində qanunsuz şəkildə Ultrasəs Müayinəsi (UZİ) aparatı işlədən qızı Nuranə Axundovayla əlbir olub kəndin bələdiyyə sədrinin həyat yoldaşını və övladını şikəst qoyduğu barəsində məlumat vermişdik.
Qeyd etmişdik ki, doğuş gerçəkləşdirilərkən ananın çanağı dağılıb, uşaq isə bir neçə nahiyyəsindən ağır zədə alaraq şikəst olub, məhz buna görə də uzun müddətdir Bakıda müalicə alırlar. Hadisə barəsində saytımıza Şürük bələdiyyəsinin sədri özü məlumat vermişdi və bildirmişdi ki, Şürük kənd xəstəxanasında doğuş qadağan olunub, həmçinin Nuranə Axundovanın evində UZİ aparatı işlətməsi üçün heç bir icazəsi yoxdur. Bələdiyyə sədri onu da vurğulamışdı ki, Sevil Əhmədovanın yeznəsi, yəni qızı Nuranə Əhmədovanın əri Kənan Axundov Lənkəranda "bazarkom" olduğuna görə bu ana balanın cinayətlərinə aidiyyati orqanlar göz yumur.
Həmin yazını bu linkdən moderator.az/news/155345.html oxuya bilərsiniz.
Bələdiyyə sədri Valeh Şükürov bu gün Moderator.az-a yenidən müraciət edib. İlk öncə S.Əhmədovayla qızı Nuranə Axundovanın cinayətini cəmiyyətə çatdırdığımız üçün təşəkkür edib. Daha sonra isə həkim ana-balanın bu günlərdə törətdikləri növbəti bir cinayət haqqında məlumat verib.
Bildirib ki, Lənkəran rayonu Kərgəlan kənd sakini, 14 il həsrətlə uşaq gözləyən Vüsalə Tahirova adlı bir qadın uzunmüddətli və bahalı müalicədən sonra hamilə qalıb. Qadının doğuş vaxtı çatanda qohumlar qadına təklif ediblər ki, uşağı qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gətirsin. Ancaq həmin Sevil Əhmədova həm anaya, həm də qohumlarına deyib ki, qadının qeysəriyyə əməliyyatı olunmasına heç bir lüzum yoxdur, ana təbii yolla uşağını azad edə bilər və doğuşu da özü gerçəkləşdirəcək. Bu ilin noyabr ayının 15-də gerçələşən doğuş zamanı isə ortaya problem çıxıb, həkim doğuşu gerçəkləşdirərkən uşağın boynunu sındırıb və uşaq ölüb. Xoşbəxtlikdən ananın həyatını xilas etmək mümkün olub.
Həmin vaxtda isə daha bir hadisə baş verib. Xəstəxanada doğuş üçün gəlmiş digər bir ana da olub. Həkimin doğuşu gerçəkləşdirə bilmədiyini, uşağı öldürdüyünü görən digər ana bu hadisədən xeyli qorxub. Ana olmağa hazırlaşan qadın həkimin onun da başına belə bir hadisə gətirəcəyindən qorxaraq qaçıb xəstəxananın ayaq yolunda gizlənib. Ayaq yolunun qapısını içəridən kilidləyərək iki saatdan çox müddətdə orada qalıb. Yaxınları xeyli axtardıqdan sonra xəstəni ayaqyolundan tapsalar da xəstəxanaya başqa bir həkim gətirilənə qədər qadın ayaqyolunun qapısını açmayıb. Başqa həkim gətirildikdən sonra ağır vəziyyətdə olan qadın ayaqyolundan çıxarılıb və doğuş gerçəkləşdirilib.
Daha sonra hadisə yerinə polis işçiləri, prokuror çağırılıb. Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, gerçəkdən də həkim doğuş zamanı uşağın boynunu qıraraq öldürüb. Hadisəylə bağlı iş prokurorluğa göndərilib.
Bələdiyyə sədri onu da qeyd edib ki, həkim Sevil Əhmədova bu işdən də asanlıqla sıyrılmağa çalışır. Belə ki, 14 ildən sonra hamilə qalmış Vüsalənin qılığına girərək ondan şikayət etməməsinə çalışır. Bildirir ki, Vüsaləni özü müalicə edəcək və ona uşaq hədiyyə edəcək. Ancaq S.Əhmədova onu unudur ki, o Allah deyil və kiməsə uşaq hədiyyə etmək onun əlində deyil.
Valeh Hüseynli sonda qeyd edir ki, onların məhkəmə prosesi indiyədək uzadılıb, aidiyyai qurumlarhələ də həkimlər barəsində heç bir tədbir görməyib. Bu müddət ərzində isə heç bir məsuliyyət hiss etməyən, etdikləri cinayətlərin fərqində olmayan həkim anayla-balanın cinayətlərinin sayı daha da artır. Əgər bu həkim ana-balanın qarşısı alınmasa, barələrində lazımi tədbir görülməsə, hələ daha çox ana-balaları bədbəxt hadisələr gözləyir. O üzdən bələdiyyə sədri bu hadisədən cəmiyyətin agah olmasını, gələcəyin analarının öz taleyini Sevil Əhmədovaya və Nuranə Axundovaya etibar edərkən diqqətli olmalarını tövsiyyə edir.
Hadisəni diqqətdə saxlayacağıq, aidiyyati qurumlardan məsələyə münasibət öyrənəcəyik./moderator.az
7news.Az








