Ekvadorda güclü zəlzələ nəticəsində ölənlərin sayı sürətlə artır.
7News.Az xarici mediaya istinadən bildirir ki, ən son məlumatlara görə, Rixter cədvəli üzrə 7,8 bal gücündə baş verən yeraltı təkanlar zamanı həyatını itirənlərin sayı 413-ə çatıb. Yaralıların sayı isə 2 mindən çoxdur. Dağıntılar altında daha 100-lərlə insan qaldığından, tələfat göstəricisinin artacağı istisna edilmir.
Bildirilir ki, zəlzələ zamanı daha çox episentrə yaxın olan sahilyanı ərazilər, xüsusən də Pedernales əyaləti ciddi ziyan görüb. Yerli dairələrin məlumatına görə, burada evlərin 60 %-i tamamilə dağılıb. Fəsadların aradan qaldırılması və zərərçəkənlərə yardım məqsədilə təhlükəsizlik qüvvələrinin 13 min 500 əməkdaşı xilasetmə əməliyyatlarına cəlb olunub. Qeyd edək ki, Ekvadorda bu dəfəki yeraltı təkanlar 1979-cu ildən bu yana baş verən ən güclü zəlzələdir.
Hadisədən dərhal sonra sunami təhlükəsi barədə xəbərdarlıq olunsa da, az sonra vitse-prezident Xorxe Qlas təhlükənin olmadığını bəyan edib. Buna görə də sahilyanı ərazilərin sakinləri evlərinə geri dönə bilər. Bununla belə, dağıntılar üzündən ölkənin 6 əyalətində fövqəladə vəziyyət elan olunub. Zəlzələdən sonra daha 160 təkan qeydə alındığından, hakim dairələr təhlükənin hələ tam sovuşmadığını düşünür. Faciə ilə əlaqədar prezident Rafael Korrea təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 300 milyon dollar vəsait ayrılması barədə göstəriş verib. Ölkəyə qonşu Kolumbiya, Meksika və venesuela kimi ölkələr də yardım əlini uzadıb. Bu günlərdə Ekvadora beynəlxalq yardımların da ediləcəyi gözlənilir.








