Ötən gün leysan və güclü küləyin Biləsuvar rayonu ərazisində vurduğu ziyan müəyyənləşib.
Bu barədə bürosuna rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Bildirilib ki, gecə saatlarından başlayaraq, təxminən, bir saat ərzində müşayiət olunan leysan yağış nəticəsində Biləsuvar şəhərinin Heydər Əliyev küçəsinin 700 metrlik, Nizami küçəsinin isə 300 metrlik hissəsində yağış suları yığılıb və operativ şəkildə maşınlar vasitəsilə çəkilib.
Əsən güclü külək nəticəsində şəhərin 6 küçəsində ümumilikdə 13 ədəd, Dəvrişli kəndi ərazisində isə 3 ədəd olmaqla cəmi 16 ədəd ağac aşıb və aşan ağaclar təmizlənərək yollardan daşınıb.
Güclü külək və ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində şəhər ərazisində və 5 kənddə elektrik naqilləri qırılıb, lakin elektrik dirəklərində zədə olmayıb.
Bundan əlavə Biləsuvar rayonunu elektrik enerjisi ilə təmin edən Salyan-Biləsuvar yüksək gərginlikli elektrik verilişi xətlərində gecə saatlarında 40 dəqiqə məcburi dayanma olub.
Hazırda rayonun elektrik təsərrüfatında baş vermiş qəzalar tam aradan qaldırılaraq bütün ərazilərə elektrik verilişi bərpa edilib.
Güclü külək nəticəsində yalnız 2 yaşayış evinin damına zərər dəyib.
Rayonun kənd təsərrüfatına heç bir ziyan dəyməyib.








