Qərbi Afrika ölkələrinin liderləri çərşənbə axşamı Qambiyaya gəlmək niyyətindədirlər.
7News.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Seneqalın Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbə qeyd edib ki, Qərbi Afrika ölkələrinin liderləri prezident Yahya Jammehi prezident seçkilərinin nəticələrini qəbul edərək postu tərk etməyə inandırmağa çalışacaqlar.
"Liderlər Qambiya prezidentindən xahiş edəcəklər ki, vəzifədən getsin”, - deyə mənbə söyləyib.
Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Birləşmiş Demokrat Partiyasının (UDP) namizədi Adam Barrov seçicilərin 45,5 faiz səsini qazanaraq qalib gəlib. 1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş Jammeh 36,7 faiz səs qazanıb.
Ötən həftənin şənbə günü prezident açıq şəkildə bildirib ki, seçkilərin nəticələrini qəbul etmir və seçki prosesinin gedişatında ciddi pozuntulara görə məyus olub. Hakim partiya bəyanat verib ki, Qambiya prezidenti Ali Məhkəmədə seçkilərin nəticələrinə etiraz etməyə hazırlaşır.
Qambiyanın seçilmiş prezidenti Barrov "Reuters” agentliyinə müsahibəsində bildirib ki, hakimiyyətin ötürülməsinə gətirib çıxaracaq "sürətləndirilmiş keçid dövrü”nü dəstəkləyir.
ABŞ Jammehin hərəkətini kəskin pisləyib. Dövlət Departamentinin sözçüsü Mark Toner prezidentin hərəkətini Qambiya xalqına qarşı "misli görünməmiş həqarət” adlandırıb.
Qonşu Seneqal baş verənləri pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. 22 ildir ki, prezidentlik edən Jammeh cəmi bir həftə əvvəl rəqibini seçki qələbəsi münasibətilə təbrik etmişdi.
7News.az








