May ayı olmasına baxmayaraq, havaların sərin və yağıntılı keçməsi, bəzi bölgələrdə sel və daşqınların yaranması kənd təsərrüfatına da öz təsirini göstərib.
Bəs ən çox ziyan hansı məhsula dəyib?
Fermerlərin sözlərinə görə, ən ciddi ziyan alça bağlarına dəyib:
"Son günlərdə fasiləsiz yağan güclü yağışlar kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərib. Müsbət tərəfi ondan ibarətdir ki, torpağın kifayət qədər nəmlənməsi toxum səpini və yaz əkinləri üçün əlverişli şərait yaradır. Belə şəraitdə əkilən şitillər daha yaxşı inkişaf edir.
Amma mənfi tərəflər daha qabarıq hiss olunub. Bir çox meyvə bağları ciddi zərər görüb, nəticədə məhsuldarlıq əhəmiyyətli dərəcədə azalıb".
Sahibkarlardan biri qeyd edib ki, yağışlar çiyələk kimi məhsullara da təsirsiz ötüşmür:
"Məsələn, göycəni götürək. Əvvəlki illərdə bir bağdan 1-2 ton məhsul yığılırdısa, bu il dolu və güclü yağış səbəbindən çiçəklər vaxtından əvvəl tökülüb və məhsul xeyli azalıb".
Mütəxəssislər bildirirlər ki, mövsümi risklərdən və təbii fəlakətlərdən qorunmaq üçün bağların və məhsulun vaxtında sığortalanması vacibdir. Əks halda, dəyən maddi ziyanın qarşısını almaq çətin olur. Bu vəziyyətin bazarlarda məhsul qiymətlərinə də təsir edəcəyi istisna edilmir.








