Son illər Azərbaycanda demoqrafik balansın pozulması ilə bağlı ekspertlər həyəcan təbili çalır.
Ölkədə yeni doğulan uşaqların böyük əksəriyyətinin oğlan olması, qızların isə sayının kəskin azalması müşahidə olunur.
Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 dir.
2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır.
Bir sözlə, demoqrafik balansın kəskin şəkildə pozulması artıq rəsmi qurumları da hərəkətə keçirib.
Məsələnin cidiliyini nəzərə alan Milli Məclis növbəti ildə qanun layihəsi qəbul etməyə hazırlaşır.

Millət vəkili, tibb elmləri namizədi Musa Quliyev bildirib ki, demokrafik balansın bu şəkildə pozulmasında insan faktorunun böyük rolu var. Bu, onu göstərir ki, Ultrasəs müayinəsi vasitəsilə hamiləliyin üçüncü ayında uşağın cinsiyyəti təyin olunur. Buna görə də selektiv abortlar aparılır.
Millət vəkili deyir ki, selektiv abortların Səhiyyə Nazirliyinin göstərişi ilə aparılmasına qadağa qoyulsa da, qanunvericilikdə bu sahədə boşluq var.
Deputatın sözlərinə görə, gələn ilin yaz sessiyasında “Reproduktiv sağlamlığın qorunması” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq: “Artıq Səhiyyə komitəsinin ilk iclasında bu məsələ gündəliyə salınıb. Qanunda xüsusi müddəa var ki, uşağın cinsiyyətinin ultrasəs müayinəsi ilə təyin olunması və valideynlərə bu barədə məlumat verilməsi qadağan olunacaq. Xüsusi istisna hallarda ananın, uşağın səhhəti ilə bağlı problemlər yaranarsa, müayinə aparıla bilər. Selektiv abortların aparılmasına da qadağa qoyulacaq. Hamiləliyin üçüncü ayından sonra aparılacaq hamiləliyin süni şəkildə pozulması əməliyyatları yalnız Konsiliumun qərarından sonra verləcək. Milli Məclisin yaz sessiyasında qanun qəbul olunarsa, problem köklü sujrətdə həll olunacaq”.

M. Quliyev bu sahədə insanların maarifləndirilməsinin də xüsusi rolu ola malik olduğunu bildirib: “İnsanların mədəniyyət səviyyəsi olmalıdır ki, qız və oğlan uşaqlarına fərq qoymasınlar. Dini baxımdan da təbliğat gücləndiriləməlidir. Məhəmməd Peyğəmbərin kəlamı var ki, övladlarınız arasında fərq qoymayın. Əgər fərq qoyursunuzsa, üstünlüyü qızlara verin. Yəni maariflənmə işləri gücləndirilməlidir. Bundan başqa inzibati qanunlar da tətbiq olunmalıdır. “Reproduktiv sağlamlıq haqqında” qanunda xüsusi cəza tədbirləri sərt olacaq. Belə ki, selektiv abortlar zamanı cərimələr tətbiq olunacaq, həm də bilərəkdən və təkrara belə hala yol verən həkimlər həkimlik fəaliyyətinin dayandırılması və ya müəyyən müddətə işindən kənarlaşdırılması kimi cəzalar tətbiq oluna bilər. Bunlar əsas qanun qəbul olunandan sonra baxılacaq məsələlərdir”.

Həkim Adil Qeybulla demokrafik balansın pozulmasını maariflənmənin zəifliyində görür. Onun sözlərinə görə, bir müddət əvvəl abortların qarşısını almaq üçün müəyyən qadağalar qoyulsa da, bu öz nəticəsini vermədi: “Mövcud problemin həlli üçün marifləndirmə tədbirləri gücləndirilməldiri. İlk növbədə problemdən çıxış yolu kimi insanları maarifləndirmək lazımdır. Telekanallar da bu işdə mühüm rola malikdirlər”.
Adil Qeybullanın sözlərinə görə, inzibati qadağaların, sanksiyaların tətbiqi maarifləndirmə, təbliğat kimi effektli nəticə vermir. Çünki uzun illər, sovet dönəmindən bu günə kimi belə qadağaların real nəticə vermədiyinin şahidi oluruq. Odur ki, ilk növbədə maarifləndirmə və təbliğat gücləndirilməlidir.
Ümumilikdə isə ölkədə qız qıtlığının yaranması gələcəkdə oğlanların ailə həyatı qurmasına da öz təsirini göstərəcək. Bu baxımdan problemin həlli qaçılmazdır./azvision
7news.az








