Yasamalın bir qrup sakini evdən çölə çıxmağa qorxur
Paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 182 və Məhəmməd Naxçıvani küçəsi 33, 35 ünvanlarında yaşayan sakinlər "Deluxe" MMC-nin apardığı tikinti işinin onların həyatlarına təhlükə yaratdığını bildirirlər.
Evlərinin 10 metrliyində 16 mərtəbəli yaşayış binası tikilir. 4 mərtəbəyə qədər tikilərkən etiraz etməyiblər. Çünki bu mərhələyə qədər əraziyə kran gətirilməyib. Kranın yük qaldıran qolu evlərin üzərindən hərəkət etdiyi üçün, sakinlər gün ərzində evdən küçəyə çıxmağa qorxurlar.
Şikayətçilər yaşadıqları evlərinin ən az 110 il tarixi olduğunu deyirlər: "Evlərimizi yenicə təmir etmişik. Tikinti ərazisində krandan bir balaca daş düşsün, evlər silkələnir. Biz qorxuruq ki, kranın qaldırıcı qolu bizim evimizin üzərində olanda ondan qopan daş evin üzərinə düşsün. Allah xatirinə, kranı evlərdən uzaq etsinlər. Burada tikinti işinin getməsi səbəbindən evlər qəzalı vəziyyətə düşüb".
Məktəbli uşaqlar da burada tikinti prosesi başlayandan bəri məktəbə qorxa-qorxa gedib-gəldiklərini bildirirlər. Xatırladaq ki, sakinlərin şikayəti əsasında "Deluxe" MMC-nin tikdiyi 16 mərtəbəli yaşayış binasının iş icraçısı Lətif Bayramovdan açıqlama almışdıq. Onun sözlərinə görə, kranın yük qaldıran qolu daha yaşayış ərazisinə keçməyəcək./bizim yol
7news.az








