RU
Manatla bağlı daha bir proqnoz
18:35
630

Manatla bağlı daha bir proqnoz

"Standard and Poor's” Azərbaycanla bağlı son hesabatında dolların bahalaşma həddini açıqlayıb. Məlumata görə, Azərbaycanda dollar o həddə qədər bahalaşacaq ki, idxal mallarını almağa əhalinin pulu çatmasın. 

Belə olan halda ölkəyə gətirilən idxal məhsullarına tələbat azalacaq. Bu isə son nəticədə ölkədə dollara tələbatı azaldacaq.

iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, ölkədə tədiyə balansında kəsiri aradan qaldırmaq üçün istiqamətlərdən biri də xaricdən məhsul almamaqdır:

"Hazırda ölkədən çıxan hər 5 dollardan 3-ü idxal malları ilə bağlıdır”.

Bu gün isə azərbaycanlı istehlakçının alıcılıq gücü 2014-cü ildəki səviyyədən dəfələrlə aşağıdır: 

"2017-ci ildə də bu proses davam edəcək. Ötən il ölkə başçısının fərmanı ilə 2 il müddətində dövlət büdcəsi vəsaitləri hesabına zəruri olmadığı halda idxal dayandırılıb. Dövlət qurumları xaricdən hər hansı bir məhsul idxal etməyəcəksə, bu ölkənin valyuta balansına öz təsiri göstərəcək”.

R.Həsənov bildirib ki, alıcılığın aşağı düşməsi artıq tədiyə balansında kəsirin azalmasına şərait yaradır:

"Belə ki, 2015-ci ildə tədiyə balansında kəsir 11 milyard dollar idisə, 2016-cı ildə təxminən 5 milyard dollar planlaşdırılıb. Bu o deməkdir ki, müxtəlif istiqamətlər üzrə, o cümlədən idxal məhsulları üzrə valyutanın axınında azalma tədiyə balansında tazarlaşmaya müəyyən qədər təsir göstərə bilir. Amma tam olaraq buna nail olmaq hələlik mümkün olmayıb”.

Ekspert bildirib ki, hazırda digər sahələrdə ciddi irəliləyiş hiss edilmir:

"Qeyri-neft sektoru həddindən aşağı səviyyədədir. Kiçik rəqəmlərlə ifadə olunan qeyri-neft ixracından əldə edilən valyuta da adətən həmin ölkələrdə xərclənir və ölkəyə gəlmir. Hazırda dollar neft satışından əldə olunur. Neft Fondunun da valyuta bazarlarında dominantlığı davam edir”.

R.Həsənov hesab edir ki, belə bir şəraitdə "Standard and Poor's”un yanaşması məntiqlidir. Çünki qeyri-neft ixracını qısamüddətli perspektivdə inkişaf etdirmək mümkün deyil və ölkəyə valyuta daxil olmasını kəskin artıra bilməz.

O bildirib ki, turizm sektoru da valyuta təminatı baxımından ən aktual mövzulardan biridir. Bununla belə, qısamüddətli dövr ərzində ölkənin turizm potensialını o qədər yüksəltmək mümkün deyil:

"Məsələn, hazırkı tədiyə balansında kəsiri bağlamaq üçün turizm sektorunda gəlirlər 10-12 dəfə artmalıdır”.

Ekspert deyib ki, ona görə də, hazırda yeganə çıxış yolu kimi görünən odur ki, vətəndaş idxal məhsullarını ala bilməsin:

"Bu halda sahibkar da artıq xaricdən məhsul gətirməyəcək. Nəticədə bunun müqabilində valyuta bazarlarına çıxıb dollar almayacaq. Beləliklə, ölkədə dollar tələbatı azalacaq və manatın məzənnəsində təzyiq aradan qalmış olacaq”.

Manatın məzənnəsinin nə zaman stabilləşəcəyinə gəldikdə isə, R.Həsənov əlavə edib ki, "Standard and Poor's” açıqladığı yanaşma heç bir halda qısamüddətli dövr üçün nəzərdə tutulmayıb:

"Qısa və ortamüddətli dövr üçün Azərbaycanın alternativ çıxış yolu yoxdur. Böyük ehtimalla bu 5 ilə qədər müddətdə baş verə bilər”.

Onun sözlərinə görə, digər istiqamətlərin heç birində nə turizm, nə yerli istehsalın həcminin artırılması, tələbatın daxili istehsal hesabına ödənilməsi istiqamətində görülən işlərdə qısa və ortamüddətli dövrdə nəticə əldə etmək mümkün deyil:

"Təbii ki, kiçik həcmdə artım ola bilər. Məsələn, kənd təsərrüfatı məhsullarının ixracı 24-25% artıb. Bu o deməkdir ki, ixrac indiyə qədər 300 milyon dollar idisə, indi bu rəqəm 350-400 milyon dollar olub. Artım 50-100 milyon dollardır. Amma bu tədiyə balansında milyardlarla ifadə olunan kəsirləri kompensasiya edəcək rəqəmlər deyil”./Fins.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ