RU
Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı
13:20
23

Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, rayon sakini İlham Qasımov "VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. "Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir. Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - deyə məlumatda qeyd edilib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ