Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon sakini Nağı Həmidovun (1965-ci il təv.) CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, bu il yanvarın 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Nağı Həmidov şərti alıcıya 5 kiloqram 100 qram marixuananı satarkən Bakı ş. Baş Polis İdarəsinin (BPİ) Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Ətrafında davam etdirilən araşdırmalar zamanı onun yaşadığı Bala Həşimxanlı kəndindəki evindən əlavə olaraq 1 kiloqram 530 qram marixuana götürülüb.
Məhkəmə prosesində Nağı Həmidov ittiham üzrə özünü təqsirli hesab edərək, narkotik maddəni pul əldə etmək məqsədi ilə satmaq üçün Bakıya gətirdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.










