Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş "Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev tədbir iştirakçılarını rəhbərlik adından salamlayıb. Rövşən Əliyev kollektivi bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli lider Heydər Əliyev "müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Prorektor Rövşən Əliyev qeyd etdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qorunub saxlanılır.
Tədbirdə universitetin Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov "Müstəqilliyə aparan yol: etnik-siyasi birlik və müstəqillik ənənələri”, Pedaqoji fakültənin IV kurs tələbəsi Günel İbrahimli "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzularında çıxış ediblər.
Konfrans iştirakçılarına Müstəqillik gününə həsr olunmuş video-çarx nümayiş olunduqdan sonra məruzəçilər çıxışlarını davam etdiriblər.
İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Süleyman Qənbərov "Azərbaycan Respublikasının siyasi müstəqilliyi tarixi zərurətdir”, Pedaqogika və psixologiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov "Müstəqil Azərbaycanın 25 illik inkişaf modeli: milli təcrübə” mövzularında çıxış ediblər.
Tədbirin sonunda Pedaqoji fakültənin IV kurs tələbələri "Ürəklərdə döyünən Azərbaycan” adlı kompozisiyanı konfrans iştirakçılarına təqdim ediblər.
Konfransda yekun nitqi ilə çıxış edən prorektor Rövşən Əliyev qeyd edib ki, artıq Azərbaycan 25 ildir müstəqil dövlət kimi yaşayır və inkişaf edir. O, bu tədbirdə 25 yaşa qədər olan gənclərin iştirakının rəmzi məna daşıını vurğulayıb. Tədbirin bu çərçivədə keçirilməsi Azərbaycanın 25 il ərzində keçdiyi yolun əzəmətini və möhtəşəmliyini ifadə edir. R.Əliyev bildirib ki, bu gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar: "Onlar məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır, yüksək vətənpərvərlik ruhunda böyüyürlər və müstəqiliyimizin qorunması üçün hər bir fədakarlığa hazırdır".
7news.Az








