Mingəçevir Dövlət Universitetində 28 May - Azərbaycan Demokratik Respublikasının 98-ci ildönümü münasibətil elmi-nəzəri konfrans keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev rektor Akif Hacıyevin tədbirin iştirakçılarının nəzərinə çatdırdı və konfransın işində uğurlar arzuladı. Çıxışına davam edən prorektor R.Əliyev Azərbaycanın dövlətçilik tarixinə nəzər saldı, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını Azərbaycan xalqının özünü təsdiq hadisəsi kimi xarakterizə etdi.
Əlavə edib ki, ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verib. Həmin gün həm Şərqin, həm də Azərbaycanın tarixində çox əlamətdar bir hadisə olduğunu xatırladan R.Əliyev Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində, beynəlxalq əlaqələrinin qurulmasında M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının böyük rolu olduğunu vurğulayıb.
Prorektor qeyd etdi ki, AXC-nin xarici təcavüzlər nəticəsində süqutu xalqımızın azadlıq eşqini əlindən ala bilmədi, əsrin sonlarına yaxın – 90-cı illərdə xalqımız yenidən müstəqilliyini özünə qaytardı. “Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və başladığı, daha sonra isə dahi liderin siyasi məktəbinin yetirməsi olan İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs ölkəmizi dünyanın ən sürətli inkişaf dinamikası əldə etmiş ölkələrindən birinə çevirdi” – deyə prorektor əlavə etdi.
Sonra şərqin ilk demokratik respublikasının yaranması və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş etdirildi.
Daha sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. “İctimai və təbiət” fənləri kafedrasının müdiri, t.f.d. Nizami Zeynalov “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti” mövzusunda, “Humanitar fənlər” kafedrasının baş müəllimi İlham Məmmədov “Azərbaycançılıq ideyası istiqlal yollarında” mövzusunda, “İbtidai sinif müəllimliyi” ixtisasının III kurs tələbəsi Günel İbrahimli “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu siyasəti” mövzusunda, “İqtisadiyyat” ixtisasının III kurs tələbəsi samrin Xanlayev “Azərbaycan xalqının dövlətçilik ənənələri: tarixilik və müasirlik” mövzusunda çıxış ediblər.
Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev bu gün müstəqil Azərbaycanın dünyanın ən güclü dövlətləri sırasına daxil olduğunu bildirdi. Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olduğunu vurğuladı. R.Əliyev çıxışının sonunda bildirdi ki, bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir.
Bununlada konfrans öz işini başa çatdırdı.
7news.Az











