Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, V Bakı Beynəlxalq Humanitar Forum iştirakçısı, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Yuryeviç Kuznetsovun iştirakı ilə "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün petisiya” haqqında universitetin professor-müəllim heyətini, tələbə kontingentini məlumatlandırmaq məqsədi ilə görüş keçirilmişdir. Qeyd edək ki, Rusiyalı tarixçi, alim Oleq Kuznetsov Xocalı soyqırımının tanınması üçün 2017-ci il martın əvvəlindən petisiyaya başlayıb. Petisiya Rusiya Federasiyası Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.
Görüşdə ilk öncə Universitetin rektoru Akif Hacıyev iştirakçıları salamlayaraq, Azərbaycan-Rusiya dostluğunun tarixindən və bu günkü iqtisadi, siyasi, mədəni əməkdaşlığından bəhs edib. Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Kuznetsovu tədbir iştirakçılarına təqdim edib.
A.Hacıyev erməni terrorizminin xalqımıza qarşı törədilən cinayətlərin dolğun və həqiqətlərə uyğun şəkildə təbliğ olunmasının vacibliyi haqqında danışıb. Məhz bu səbəbdən Oleq Kuznetsovla görüş keçirildiyini və onun həyata keçirdiyi aksiya haqqında görüş iştirakçılarına məlumat verib.
Sonra çıxış edən rusiyalı alim, tarixçi Oleq Kuznetsov bu petisiyanın təşkil edilmə zərurətindən, məqsədindən, həmçinin faktlar əsasında erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından geniş söhbət açmışdır: "İmza toplanması kampaniyası çətin proqnozlaşdırılan işdir, çünki bu işdə subyektiv amilin təsiri çox güclüdür. Petisiyanı imzalamağa insanı məcbur etmək demək olar ki, qeyri-mümkündür. O, könüllü və şüurlu olaraq bunu etməlidir” deyə o bildirib.
Oleq Kuznetsov görüşdə faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi üçün hamıya çağırış edib: "Bu petisiya həm də Rusiya Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir” deyə o qeyd edib.
Tarixçi alim bildirib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www.change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür. Rusiya Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır. Lakin hələ ki, petisiyaya 20 min nəfərə yaxın adam qoşulub. Bu isə qeyd olunan limitin qarşısında təbii ki, çox aşağı göstəricidir.
Universitetin "Xarici dillər” kafedrasının müdiri, f.f.d. Mayıl İsmayılov çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə O.Kuznetsova minnətdarlıq edib, bu aksiyaya hamılıqla qoşulacaqlarına söz verib.
Sonra Bilik Fondunun əməkdaşları görüş iştirakçılarına petisiyada səs verməyin qaydasını izah ediblər. Qeyd olunub ki, səsvermədə iştirak etmək üçün www.change.org saytına daxil olaraq axtarış yerinə "Oлег Кузнецов” yazmaq lazımdır. Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad e_mail ünvan, ölkə, şəhər və şərh yuvalarını dolduraraq, "imzalamaq” düyməsini basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəkilini çəkib, XOCALI-PETİSİYA@MAİL.RU ünvanına göndərmək lazımdır. Petisiyanın qəbul olunması üçün ümumilikdə 200 min səsin toplanması tələb olunur.
Sonra rusiyalı alim, tarixçi Oleq Kuznetsov qələmə aldığı "История транснационального армянского терроризма в ХХ столетии” kitabını universitetin rektoru Akif Hacıyevə təqdim edib. Təqdiqat əsərində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etdiyini, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə etməklə, hadisələrin real təsvirini yaratmağa nail olduğunu bildirib.
Sonda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev siyasi analitik, tarixçi, alim Oleq Kuznetsova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün həsr etdiyi bu petisiyaya, real faktlara əsaslanaraq işğalçı erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliyi dünya xalqlarına çatdırmağa çalışdığına görə universitetin kollektivi adından xüsusi təşəkkürünü bildirib və professor-müəllim heyətinin və tələbə kontingentinin qısa bir zamanda bu aksiyaya qoşulacağına əminliyini ifadə etdib.








