Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, "Jalal-İ" Tədris Mərkəzinin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 7 Ali Təhsil müəssiləri arasında AzMİU-da "Gənc ekoloqlar" Olimpiadası keçirilib.
Olimpiadanın açılışı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutub. Daha sonra yarışma AzMİU-da keçirilib. Olimpiadada hər təhsil müəssisəsini 5 nəfərdən ibarət komandası təmsil edib.
Qeyd edək ki, Mingəşevir Dövlət Universitetini “Energetika və mexanika” fakültəsinin EM12 saylı qrupun tələbələri Günel Əliyeva, Aytac Cavadova, Xumar Yusibova, Rəvanə Məmmədova və EM13 saylı qrupun tələbəsi Gültac Rzabəyli təmsil ediblər. Kapitan Günel Əliyevanın rəhbərliyi ilə komanda yarışda istər konkret sahə suallarına, istərsə də intelektual suallar bloku üzrə yüksək bilik nümayiş etdirib.
Olimpiadanın suallar proqramında ekologiyanın inkişaf tarixi, ekologiyanın vəzifələri, ekologiyanın metodları, ekoloji şərait, ekologiyanın qrupları, qlobal ekoloji problemlər və s. mövzular əksini tapmışdır.
Gərgin mübarizənin nəticəsi olaraq olimpiadada ilk üç yeri aşağıda adları qeyd olunan ali məktəblərin komandaları: Baki Dövlət Universiteti 29 düz cavabla - I yer; Azərbaycan Dövlət Aqrar Universiteti 28 düz cavabla - II yer; Mingəçevir Dövlət Universiteti 27 düz cavabla - III yer tutmuşlar. Birinci yerin qalibi olan BDU komandası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ödənişsiz təcrübə proqramı və diplomlar ilə mükafatlandırılıb. İkinci və üçüncü yerin sahibləri Azərbaycan Dövlət Aqrar Universitetinin və Mingəçevir Dövlət Universitetinin komanları isə Olimpiadanın diplomları və “Jalal – İ” Tədris Mərkəzi tərəfindən ödənişsiz Xarici dil, kompyuter kursu və diplomlarla mükafatlandırılıb.
Qızlardan ibarət gənc ekoloqlar komandamızı universitetin rektoru Akif Hacıyev qəbul edib, uğurları ilə sevinib və bu uğurun davamlı olacağını, gələcəkdə daha yüksək nəticələr göstərmələrini arzu edib. Xatirə şəkili çəkdirib. Tələbələr öz növbəsində yaratdıqları şəraitə görə rektor A.Hacıyevə təşəkkürlərini bildiriblər.
Daha sonra gənc ekoloqları universitetin tərbiyə işləri üzrə prorektoru R.Əliyev, “Energetika və mexanika” fakültəsinin dekanı V.Mustafayev qəbul edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Qeyd edək ki, gənc ekoloqları olimpiadaya “Fizika və ekologiya mühəndisliyi” kafedrasının müdiri, dosent T.Yusibova və universitetin Gənclər Təşkilatının sədri R.Qurbanov hazırlamışlar.
7news.Az












