Rusiyanın REN TV telekanalı avqustun 1-də Moskva vilayət məhkəməsinin binasında "GTA bandası" kimi tanınan qrupun üzvləri ilə "Rosqvardiya"nın döyüşçüləri arasında baş vermiş atışmanın videokadrlarını yayıb.
7news.Az virtualaz.org-a istinadən xəbər verir ki, müşahidə kameralarından əldə edilmiş görüntülərə əsasən konvoyların silahını ələ keçirən banda üzvləri liftdən çıxan kimi onları gözləyən "Rosqvardiya" döyüşçülərinin atəşi ilə qarşılaşır.
"GTA bandası" kimi tanınan qruplaşma Orta Asiya respublikalarının sakinlərindən ibarət idi. Onlar 2012-2014-cü illər ərzində Moskva ətrafındakı yollarda tələ quraraq sürücüləri qətlə yetiriblər. Bandanın azı 17 nəfəri öldürdüyü müəyyən olunub. Onların radikal dini motivlərlə hərəkət etdiyi bildirilir.
Həmin gün qrup üzvlərinin növbəti məhkəmə prosesi zamanı bandanın üzvlərindən 5-i iki konvoyun müşaiyəti ilə məhkəməyə aparılıb. Banda üzvləri əvvəlcədən planlaşdırdıqları kimi məhkəmə binasının liftini silkələyərək onun dayanmasına səbəb olublar. Bundan sonra onlar konvoylara hücum edib və silahlarını, habelə qandalların açarlarını ələ keçirib. Təsadüfən binanın üçüncü mərtəbəsində başqa prosesdə təhlükəsizliyi təmin edən "Rosqvardiya" döyüşçüləri bu insidentdən xəbər tutub. Kadrlara əsasən banda üzvləri liftən çıxan kimi atəş açır, lakin cavab atəşi ilə zərərsizləşdirilir. Onlardan 4-ü hadisə yerində öldürülüb, 1-i xəstəxanada keçinib.
Məlum olub ki, məhbusların müşaiyət olunması ilə bağlı qaydalar kobud şəkildə pozulub. Çünki təlimata görə 5 nəfər məhbusu 2 yox, 10 konvoy müşaiyət etməliydi.
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










