Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Mehriban xanım Əliyevanın müasir ümumbəşəri ideyaları yaşadan Heydər Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini əsas götürərək, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, cəzadan azad olunacaq şəxslərin sosial adaptasiyasını, qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini arzulayaraq irəli sürdüyü təşəbbüs tarixi hadisədir: "Bu vaxta qədər Mehriban xanım Əliyeva tərəfindən üç dəfə böyük amnistiya layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Bu, sayca dördüncüsüdür və 28 May — Respublika Gününə təsadüf edir. Mehriban xanımın bu dəfə irəli sürdüyü amnistiya haqqında qərar layihəsi isə daha çox adamı əhatə edəcəkdir. Belə ki, mayın 20-də Milli Məclisin amnistiya haqqında qəbul edəcəyi qərar 10 min nəfərə şamil olunacaqdır. Bunlardan 3500 nəfəri yerdə qalan cəzanın çəkilməsindən azad olunaraq azadlığa çıxacaqdır".
7News.Az








