"ATV” telekanalında yayımlanan "Yoxlama” verilişinin çəkilişi zamanı Bakının 171 saylı məktəbində insident yaşanması barədə məlumat vermişdik. Bizimyol.info məktəb rəhbərliyinə istinadən xəbər verir ki, çəkiliş qrupu ilə yaranan insident zamanı bir şagird də xəsarət alıb.
Məsələnin ictimailəşməsindən sonra ATV telekanalı məsələ ilə bağlı açıqlama verərək ittihamlarla razılaşmayıb.
Kanaldan bildirilib ki, "Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır: "Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil. Dəyərli Azərbaycan ictimaiyyətinə müraciət edir və bildiririk ki, 10 yanvar tarixində, saat 23:00-da ATV kanalında "Yoxlama" verilişinin sözügedən buraxılışını izləyərək, məlum iddiaların nə qədər əsassız və yersiz olduğunu öz gözləri ilə görə bilərlər. Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi. Yoxlamanın nəticəsini isə özünüz yanvarın 10- u, 23:00 –da görəcəksiniz"”.
ATV-nin bu bəyanatı ilə məktəb rəhbərliyi əlavə açıqlama verib. "ATV kanalının "Yoxlama” verilişinin aparıcısı Azər öz nöqsanlarını "Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” pafoslu ifadəsi ilə pərdələmək istəyir. Bu zaman təbii olaraq sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib məktəbə daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymamazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmaq və məktəbin şagirdlərinə xəsarət yetirmək lazım idimi ki, məqsədlərinə uyğun çəkiliş aparsınlar?! Aparıcı Azərin əlində əvvəlcədən çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin, müəllimlərin yoxlanması səlahiyyətini ona kim verib və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı?! "Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun bu səlahiyyətləri Azərə və onun dəstəsinə veribmi?! Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən "Yoxlama” verlişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun dəstəsi qoyulan bu suallara cavab versin.
Məlumdur ki, məktəblərin müvafiq meyarlar üzrə yoxlanması və fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.
Onu da qeyd edək ki, ötən il "Yoxlama” verlişi ətrafında yaranmış səs-küy və haqlı narazılıqlar aparıcı Azər İsmayılov haqqında kifayət qədər aydın ictimai rəy yaradıb. Odur ki, eyni hərəkətlərin hamımız üçün müqəddəs olan məktəblərə də tətbiq edilməsi yolverilməzdir.
Məktəbin pedaqoji kollektivi adından belə halları qətiyyətlə pisləyir, təhsil müəssisəsinin normal fəaliyyətinə kobud şəkildə mane olan və KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən bu cür neqativ hərəkətlərin yolverilməz olduğunu bildiririk” – deyə məktəb rəhbərliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib. Məktəbin rəhbərliyi bildirir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən "Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib. "Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 "əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olublar. "Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaratmış, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməmiş, özlərini sözün həqiqi mənasında qoçu kimi aparmışlar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilmiş, ələ salma tipli suallar verilmiş, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmuşlar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparmışlar. Bütün bunlar ciddi narahatçılıq yaratmış, həmin "çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olmuşdur. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olmuşdur ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6e sinif şagirdini kobudcasına itələyərək yıxmış və ona xəsarət yetirmişdir” – deyə məktəb rəhbərliyi bildirir
Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyatı orqanlara müraciət etdiyi bildirilir.
Bizimyol.info-ya verilən məlumata görə eyni hal 5 və 6 yanvar 2017-ci il tarixlərində "Yoxlama” verilişinin digər çəkilişlərində də yaşanıb. Belə ki, A.İsmayılov çəkiliş qrupu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonundakı 276 nömrəli və Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəblərdə də zorla çəkiliş aparıb.
ATV-dən açıqlamada isə vurğulanıb ki, verilişin heç bir çəkilişində hansısa qanunsuzluğa yol verilməyib və bu gün (10 yanvar) axşam saatlarında verilişin efirə gedən buraxılışında da bu, təsdiqini tapacaq.//Bizimyol.info
7News.az








