76 yaşında dünyasını dəyişən şair Məmməd Aslanla bir neçə saat əvvəl vida mərasimi keçirilib. Şairin yaxın dostları, həmkarları və bir çox ziyalılar şairlə bağlı xoş xatirələrindən danışıblar. Vida mərasimində şair Qəmbər Şəmşiroğlu Məmməd Aslana yazdığı bir neçə bəndlik şeirini də səsləndirib və bunları qeyd edib:
“Sirrimiz, sözümüz, söhbətimiz bir olub. Məmməd Aslan bəlkə də ömrünün 30 ilindən çoxunu Dədə Şəmşirlə təmasda olub. Dəfələrlə bir yerdə olmuşuq. Həmişə bizə gələrdi. Bu barədə çox danışardım, amma indi özümü yaxşı hiss etmirəm. Məmməd el-obadan getdi. Məmməd Aslan bizdən getdi. Məmməd Aslan ən böyük dilçi idi. Dilimizin inkişafında böyük bir itki oldu. Məmməd xalq üçün yaşadı, xalq üçün də öldü”.
Şair Vaqif Bəhmənli də böyük şair haqqında xoş xatirələrindən danışıb: “Məmməd Aslan bizim poeziyamızın heç kimə bənzəməyən parlaq bir imzası idi. Şairin özünə məxsus publilsistikası indi də öz aktuallığını qoruyub saxlayır. O böyük şairimiz, təbiətdən yazan, Allahdan yazan, uşaqlardan yazan şairimiz bu gün Allaha qovuşur. Bu qovuşma anına kimi də Məmməd Aslan uşaq təmizliyini, uşaq səmimiyyətini qoruyub saxlaya bilən müdrik şəxsiyyətlərdən biri idi”.
Bəli, bu gün artıq şair Məmməd Aslanın ruhu ata-baba yurdu Kəlbəcərdədir - mütləq bizim də qayıdacağımız Kəlbəcərdə.
7news.az








