RU
Məmmədyarov Tiflisdə Ermənistanı ittiham etdi
11:20
765

Məmmədyarov Tiflisdə Ermənistanı ittiham etdi

“Yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır və müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır”.

7News.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündəki çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd edilməlidir: “Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır”.

“Bildiyiniz kimi, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif etmişdir. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaqdır”, - deyə E. Məmmədyarov vurğulayıb. 

E.Məmmədyarov bildirib ki, bununla yanaşı, regionda sülhə və inkişafa maneələr də qalmaqdadır: “Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac vardır. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb”. 

Nazir vurğulayıb ki, qarşılıqlı səylər müxtəlif sahələrdə ölkələrimizin inkişafına töhfə verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ