Bu günlərdə oğlu avtobus sürücüsünü döydüyü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Qeyd edək ki, Novruzəli Orucovun oğlu bundan əvvəl avtomobillə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin qərarı ilə o, 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı.
Novruzəli Orucov bugünlərdə verdiyi müsahibəsində də bildirdi ki, oğlu ilk dəfə cinayət hadisəsi törədəndə prezident ona xəbərdarlıq etmiş, amma xidmətlərini nəzərə alaraq işindən azad etməmişdi. Son olaraq oğlunun 85 saylı avtobus sürücüsünü döyməsi isə ölkə başçısının qəzəbinə səbəb oldu və o, tutduğu vəzifədən azad edildi.
Təbii ki, Novruzəli Orucov qudurğan övladına görə işindən azad olunan ilk məmur deyil. Onlardan biri də Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətovdur. Onun oğlu Xalid Mədətov içkili vəziyyətdə "Galendawagen” markalı avtomobili ilə qəza törətmişdi. Hadisə zamanı xalq artisti, tar ifaçısı Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olmuşdu. Hadisədən bir qədər sonra Mübariz Mədətov işindən kənarlaşdırıldı.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da övladının güdazına gedən məmurlar sırasındadır. Belə ki, 2013-cü ilin yanvar ayında nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı rayon sakinlərini təhqir etmişdi. Bu isə rayon sakinlərinin kəskin etirazına səbəb olmuşdu. Daha sonra etirazçılar nazir oğlunun "Çıraq” otelni və avtomobilini yandırmışdılar. Hadisədən bir qədər sonra Füzuli Ələkbərov vəzifəsindən azad edildi. Həmçinin İsmayıllı rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da işdən çıxarıldı.
Sabiq deputat Ayaz Orucov da oğlu başqa avtomobildə olan qızlara sataşması və onlara silahla atəş açmasından sonra bir daha vəzifəyə gətirilmədi.
Bu kimi nümunələrin sırasını genişləndirmək də olar. Ölkə başçısı dəfələrlə bu cür olaylarla bağlı xəbərdarlıqlar edib, dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə toxunub: "Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.
Maraqlıdır ki, hətta prezidentin bu cür xəbərdarlıqlarına rəğmən ölkədə məmur övladlarının harınlığı azalmır, əksinə, bəzən çoxaldığının şahidi oluruq. Bəs səbəb nədir? Bu problemin kökündə hansı amil dayanır?








