7NEWS.az saytının "PEŞƏKAR JURNALİST” rubrikasının növbəti müsahibi tanınmış jurnalist, siyasi icmalçı, bugün 57 yaşı tamam olan Nadir Şəfiyevdir.
Əvvəlcə qısa olaraq Nadir Şəfiyevin bioqrafiyası ilə tanış olaq: Nadir Şəfiyev - 1960-cı ildə Bakı şəhərində anadan olub. 212 saylı orta məktəbi bitirdikdən sonra Sovet ordusunda xidmət edib. 1985-ci ildə Bakı Yerli Sənaye texnikumunu və 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə ilə bitirib. 1993-cü ildən Azərbaycan Dövlət Televiziyasında işləyib. Ştatdan-kənar müxbir vəzifəsindən başlayaraq, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. Sara müstəqil teleradio şirkətində xəbərlər departamentinin qurucusu və direktoru olub. Azərbaycan İctimai Televiziyası yaradılanda Xəbərlər departamentinin qurulmasında birbaşa iştirak edib, daha sonra İctimai radionun Xəbərlər və Analitik Proqramlar departamentinə rəhbərlik edib. 2006-2007-ci illərdə İTV-nin Rusiya Federasiyasındakı müxbir məntəqəsinin ilk müxbiri olub. 2008- ci ildə AZTV -də xəbərlər xidmətinin baş redaktorunun müavini, 2009 – cu ildə AZTV - nin Rusiya Fedarasiyası və MDB ölkələri üzrə bürosunun rəhbəri, 2010 – cu ildə Rusiyanın Doverya telekanalında xüsusi müxbir, Regional Televiziyada "Dünya Siyasət" adlı həftəlik analitik proqram və "Hərb tarixi" sənədli filmlər layihəsinin müəllifi kimi çalışıb. Hazırda ARB 24 - də baş direktor vəzifəsini icra edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya və siyasi institutlar üzrə dissertantdır.
-Nadir müəllim bugün Sizin 57 yaşınız tamam olur. Siz həm də Qarabağ qazisi kimi tanınırsınız. Eyni zamanda cəbhənin qaynar nöqtələrindən tez –tez sujetlər hazırladığınızın şahidi oluruq. Çətin deyil ki?
-Qarabağ və onun ətrafında cərəyan edən hadisələr hər bir azərbaycanlının qəlbində və şüürunda daimi yer alan məsələdir. Özümdən asılı olmayaraq, istənilən siyasi və ya iqtisadi məsələyə münasibət bildirəndə və sadəcə bu haqda düşünəndə mütləq həmin məsələyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi prizmasından baxıram. Çətinliyə gəldikdə, əlbəttə ki, çətindir. Amma bu çətinlik peşəkarlıq çətinliyi deyil. Bu çətinlik bir döyüşçünün düşmənə yerini göstərmək arzusunu qəlbində gəzdirməyi ilə bağlıdır. Mən düşmənimizə sarsıdıcı zərbənin vurulması ilə yerinin göstərilməsi gününü səbirsizliklə gözləyirəm. Bir neçə gün əvvəl Azərbaycan ordusunun ilk ZRAD-ın yaradılması günü idi. Bu gün münasibəti ilə həmin hərbi hissədə döyüşən əksər dostlarımızla görüşmüşdük. İnanın ki, bu arzu tək mənim deyil, bütün döyüşçülərimizin arzusudur.
-Bütövlükdə mediamızın durumunu necə qiymətləndirirsiniz? Ölkə hüdudlarından kənarda fəaliyyətimiz hansı səviyyədədir?
-İstənilən cəmiyyətdə ümumi vəziyyət medianın da durumuna birbaşa təsir edir. Bu baxımdan Azərbaycandakı inkişaf ölkənin media məkanının da inkişafına zəmin yaradır. Hazırda media qurumlarında çoxlu gənc və istedadlı jurnalistimiz çalışır. Onların çoxu xarici dillərin öyrənilməsinə, bu vasitə ilə jurnalistika sahəsində yeni tendensiyaların öyrənilməsinə səy göstərirlər ki, bu da çox müsbət haldır. Əgər bir neçə il bundan əvvəl xarici dillərdə nəşr olunan Azərbaycan KİV-lərinin adını 1-2 sətirdə yazmaq olardısa, hazırda onların sayı onlarladır. Bu isə ölkəmiz haqqında həqiqətlərin dünaya çatdırılması baxımından mühüm haldır. Doğrudur, həmin saytların fəaliyyətində bəzi çatışmazlıqlar da olur, amma necə deyərlər, iş olan yerdə səhv də olur. Yetər ki, səhvləri görüb onları etiraf etməyə cəsarət və aradan qaldırmağa savad və bacarıq çatsın.
-Arb24 sizin 57 illik ömrünüzdə hansı yeri tutur?
- ARB24 mənim üçün doğma məkan, doğma kollektivdir. Bu böyük ARB Media Qrupun tərkibində fəaliyyət göstərən ölkəmizin ilk xəbər kanalıdır. İşgüzar kollektivimizin əsasını gənclər təşkil edir. Onların hər bir uğuruna sevinir və bu cür halların çox olmasını arzulayır və buna çalışıram. Düşünürəm ki, biz bu kollektivlə hələ çoxlu uğurlara imza atacağıq.














