Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borclu olduğu sahibkarı güllələyən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
V.Şirinov özü haqda qısa danışıb: "Cənab hakim, mən sizin kimi adamlarla oturub durmuşam. Hörmətli, mərifətli oğlanam. Məhkəmədə mənim də, ölən adamın da necə yaşadığına baxarsız. Mən cinayətkar deyiləm. Amma bir iş idi, oldu. Bir azyaşlı uşağım var, amma 50 nəfəri saxlayıram".
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da axşam saatlarında Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən "Odlar Yurdu” adlı çay evində baş verib.
Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov dəfələrlə V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Sonuncu telefon danışığında M.Qubadovun V.Şirinovu söyməsi mübahisəyə səbəb olub, V.Şirinov ov tüfəngi ilə "Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olaraq M.Qubadova 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Güllələrdən biri onun sifətinə dəyib. M.Qubadov oradaca vəfat edib./qafqazinfo
7News.Az








