Azərbaycan son illər ərzində nümayiş etdirdiyi inkişaf tempi ilə həm yerləşdiyi regionda lider dövlətə çevrilib, həm də beynəlxalq qurumların və dövlətlərin diqqətini özündə cəlb edə bilib.
Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bütün bunlar isə ölkə Prezidenti cənab İlham Əliyevin bir zamanlar səsləndirdiyi fikrin məntiqi nəticəsidir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir.” Gözəllik ən böyük etibarnamədir. Belə bir məqamda isə heç şübhəsiz, Binəqədi rayonu əvəzsiz nümunədir. Sevindirici məqam odur ki, bu inkişafın, gözəlliyin fonunda rayonumuzun çəkisi, burada həyata keçirilən layihələrin aktuallığı, işə peşəkarcasına yanaşma yerli ictimaiyyətin alqış və rəğbətinə səbəb olur. Artıq ənənə halını almış sakinlərlə birbaşa təmas, onların istək və təkliflərinin dinlənilməsi sözünü etdiyimiz etibarı hər ötən gün daha da gücləndirir. İnsan dəyər verildiyi, sevildiyi yerdə olanda daha əmin və qətiyyətli olur. Elə sakinlərimizin qətiyyəti və əminliyi də biz xidmətçilərin xoşbəxtliyidir. Binəqədi rayonunda vətəndaş-məmur münasibətlərindən danışarkən, Binəqədi qəsəbə Bələdiyyəsinin ötən 9 ayda əldə olunan uğurları qeyd etmək olduqca mühümdir. İlk olaraq, qeyd etmək lazımdır ki, bu qədim yaşayış məskəninə 1970-ci ildə Azərbaycan Respublikası ali sovetinin qərarı ilə qəsəbə statusu verilmişdir. Qəsəbənin ümumi ərazisi 18 kv. km-dir. Ərazisində bir göl – Binəqədi gölü, bir dağ – Həkəri yanar dağı, həmçinin 1896-cı ildə Nobel qardaşlarının təşəbbüsü ilə qazılmış neft quyusu mövcuddur.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Ölkə Prezidenti cənab İlham Əliyevin fikrini rəhbər tutan Binəqədi qəsəbə Bələdiyyəsi ümumi işi sakin rifahı, onlara xidmət, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur. Belə ki, hesabat dövrü ərzində sakinlərin çoxsaylı müraciətləri əsasında bir sıra kommunal problemlər aradan qaldırılmış, həlli mümkün məsələlər yerində həll edilmiş, mümkün olmayanlar isə baxılması üçün aidiyyatı qurumlara göndərilmişdir.
Qeyd etmək lazımdır ki, yarandığı dövrdən etibarən, Binəqədi Qəsəbə Bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, digər hüquqi-normativ aktlara uyğun olaraq fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Binəqədi qəsəbəsində həyata keçirilən quruculuq və abadlıq işləri sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etməkdədir. Bu mənada, sakinlərimizdən hesabat dövrü ərzində daxil olan kommunal şikayətlərin həlli istiqamətində:
- 1-ci mədən korpus 40 ünvanında abadlıq işləri aparılmış, 8 ailənin kanalizasiya problemi bərpa olunmuş;
- 205 saylı orta məktəbin kanalizasiya xətti təmir edilmiş;
- ETK 4 ünvanında kanalizasiya xəttində baş verən problemin aradan qaldırılmasl istiqamətində yeni 22 metr uzunluğunda məhəllədaxili kanalizasiya xətti çəkilmiş;
- ETK 4 ünvanında Dövlət proqramı çərçivəsində Azərsu ASC tərəfindən diametri 280 mm, d-600 mm və d-200 mm kanalizasiya xətlərinin çəkilişi zamanı işlərin gedişatını izləmək, həmçinin yarana biləcək hər hansı maneəni aradan qaldırmaq üçün həmin əraziyə baxış keçirilmiş, 2000-ə qədər su və kanalizasiya qəzası aradan qaldırılmış;
- Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə Binəqədi-Xırdalan şossesində yerləşən su nasos stansiyasında rekonstruksiya işləri aparılmış, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yeni 250 kv-luq mühərrik və mühafizə sistemi quraşdırılaraq 24 saatlıq iş rejiminə keçirilmiş;
- Yaz və yay fəsillərində su ilə təmin olunmayan ərazilərə su maşını göndərilərək, sakinlərə xidmət göstərilmiş;
- II mədən korpus 68-də 695 metr, III mədən korpus 119-da 180 metr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
“Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək”
Binəqədi qəsəbə Bələdiyyəsi hesabat dövründə ölkədə həyata keçirilən sosial –iqtisadi siyasəti rəhbər tutaraq, bir sıra sosial layihələr reallaşdırmış, müxtəlif bayram konsertləri təşkil etmiş, humanitar aksiyalar keçirmişdir. Belə ki:
- 10 fevral tarixində qəsəbənın nüfuzlu şəxsləri, ictimaiyyət nümayəndələri, ağsaqqalları ilə s. ilə görüş keçirilmiş;
- 18 fevral tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbəsində fəaliyyət göstərən sahibkarlar görüş keçirilmiş, qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmış;
- 4 mart tarixində Binəqədi qəsəbə Bələdiyyəsinin dəstəyi və 179 saylı orta məktəbin müəllim və valideyn heyətinin təşkilatçılığı ilə “Hər şey VƏTƏN üçün” adlı xeyriyyə yarmarkası keçirilmişdir. Yarmarkada məktəbin ibtidai siniflərinin iştirakı ilə müxtəlif növ şirniyyatlar, əl işləri satışa çıxarılmış və əldə olunan maliyyə vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ehtiyat fonduna köçürülmüş;
- 15 mart tarixində Novruz şənlikləri çərçivəsində Yeni Azərbaycan Partiyası Qadınlar Şurası, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə birlikdə qəsəbədə məskunlaşmış məcburi köçkün, aztəminatli, çoxuşaqlı, eləcə də valideyn himayəsindən məhrum olan, ümumilikdə 11 ailənin oğlan uşağı sünnət olunmuş, onlar üçün şənlik keçirilmiş, hədiyyələr verilmiş;
- 6 mart tarixində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım bələdiyyə üzvləri və qulluqçularına pul mükafatı verilmiş;
- 16 mart tarixində Binəqədi qəsəbəsində yerləşən 1941-1945-ci illər parkında ilk dəfə kütləvi Novruz şənliyi keçirilmiş, tədbirə gələn qonaqlara, həmçinin qəsəbə sakinlərinə bayram sovqatı hədiyyə edilmiş, Novruz tonqalı yandırılmış;
- 17 mart tarixində qəsəbə ərazisində yerləşən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində Binəqədi Mərkəzi Mədəniyyət Evinin iştirakı ilə bayram şənliyi keçirilmiş;
- 28 aprel və 20 may tarixlərində Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsi tərəfindən Binəqədi qəsəbə sakinlərinə növbəsiz olaraq şəxsiyyət vəsiqələrinin verilməsi işi həyata keçirilmiş;
- 9 may Böyük Vətən Müharibəsinin 70 illiyi münasibəti ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Binəqədi qəsəbəsində yaşayan II Dünya Müharibəsi Veteranları və onların ailə üzvləri ilə görüş keçirilmiş, təşkil olunan bayram şənliyində hər bir veterana gül çələngləri və pul mükafatı verilmiş, həmçinin qəsəbə mərkəzindən 1941-1945-ci illər parkına yürüş keçirilmiş;
- Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibətilə 10 may tarixində flaşmob keçirilmiş, Binəqədi qəsəbə Bələdiyyəsindən arayış alan xanımlara çiçəklər verilmişdir. Həmçinin "Kufu və Uşu-Sanda" üzrə idmançıların ölkə birinciliyi keçirilmiş, qaliblər mükafatlandırılmış;
- 1 iyun tarixində “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi qəsəbəsində yaşayan şəhid, əlil və aztəminatlı ailələrin uşaqları üçün mədəni istirahət təşkil edilmiş, “Qayğısız bir gün” devizi ilə əyləncəli proqram keçirilmiş;
- 2 iyun tarixində Binəqədi Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı, Binəqədi rayon Ağsaqqallar Şurası, YAP Binəqədi qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatı və Binəqədi Mərkəzi Mədəniyyət Evinin birgə iştirakı ilə məhkumluq həyatı yaşamış qəsəbə sakinləriylə görüş keçirilmiş, müxtəlif mövzular müzakirə edilmiş, problemlər dinlənilmiş və həlli istiqamətində tövsiyyələr verilmiş;
- 25 iyun tarixində “26 iyun – Milli Ordu günü” münasibəti ilə Binəqədi qəsəbə Bələdiyyəsinin dəstəyi, Binəqədi Mərkəzi Mədəniyyət Evinin iştirakı ilə Binəqədi qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində bayram şənliyi təşkil edilmiş;
- 8 iyul tarixində müqəddəs Ramazan ayı münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən Xeyir-şər evində 300 nəfərlik iftar süfrəsi açılmış, inanclı qəsəbə sakinlərinin iştirakı təmin edilmiş;
- 23 mart tarixində Binəqədi rayonunda ilkə imza atılmış, Binəqədi rayonunu əhatə edən Binəqədi rayon, Binəqədi qəsəbə, Rəsulzadə qəsəbə, Biləcəri qəsəbə və Xocasın qəsəbə bələdiyyələrinin birgə mətbuat konfransı keçirilmişdir. Tədbirdə çıxış edən bələdiyyə sədrləri 2015-ci ilin ilk 6 ayının hesabatını vermiş, iştirak edən mətbuat nümayəndələrinin suallarını cavablandırmış, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi çərçivəsində keçirilən konfransda bir qrup KİV nümayəndəsi "Bələdiyyə dostu" Fəxri Fərmanı ilə təltif edilmiş;
- 24 sentyabr tarixində İslam dünyasının müqəddəs Qurban bayramı münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsi və “MisterTum” MMC-in birgə əməkdaşlığı ilə Binəqədi qəsəbəsində yaşayan 50 aztəminatlı ailəyə ərzaq bağlaması paylanmış; bundan əlavə, Binəqədi qəsəbə ərazisində yaşayan 200 imkansız ailələrə (əlil, şəhid, veteran, ailələrinə) qurbanlıq ət payı verilmiş; eləcə də qəsəbədə yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətdə olan əsgərlərə bayram sovqatı təqdim edilmişdir.
“Sahibkarlar vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir”
Məlumdur ki, yerli özünüidarəetmə qurumu olan bələdiyyələr gəlirlərini əhalidən tutulan torpaq və əmlak vergisi əsasında təmin edir. Bu sahədə bir çox qanunlar qəbul edilmiş, normativ-hüquqi sənədlər toplusu yaradılmışdır. Lakin bununla belə, sözügedən sahədə problemlər tam mənasında aradan qaldırılmamışdır. Bu kimi negativ halları aradan qaldırmaq və gəlirləri mütəmadi təmin etmək üçün ötən dövr ərzində Binəqədi qəsəbə Bələdiyyəsi yerli vergi siyasətini gücləndirmiş və bu istiqamətdə əsaslı uğurlar əldə etmişdir. Belə ki, Azərbaycanda ilk dəfə olaraq Binəqədi qəsəbə Bələdiyyəsi Vergilər Nazirliyi ilə birlikdə pilot layihəyə başlamış, ərazinin invertarizasiyasını yeni pasportlaşma üsuli ilə həyata keçirmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində 17 sentyabr tarixində "Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq subyektlərinin uçota alınması, Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunu nəzərdə tutan "Bələdiyyə Vergi İnformasiya Sistemi" proqramı təminatının tətbiqi" mövzusunda tədbir keçirilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinin rəhbər heyəti və aidiyyatı şöbənin rəhbəri təlimdə iştirak etmişdir. Qeyd etmək lazımdır ki, hazırda Binəqədi qəsəbə Bələdiyyəsi vergi gəlirlərini xüsusi proqnozlaşdırma əsasında hesablayır ki, bu da yığımlara müsbət təsir göstərir.
“Azərbaycan xalqının birinci xidmətçisi mənəm!”
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasəti özünə nümunə götürən Binəqədi qəsəbə Bələdiyyəsi üçün hesabat dövrü sadəcə sosial layihələrlə deyil, həm də abadlıq işləri ilə yaddaqalan olmuşdur. Xalqla təmasda bəzi hallarda formalaşmış mənfi steriotipi aradan qaldıran Binəqədi qəsəbə Bələdiyyəsi hər zaman sakinlərlə bərabər olmuş, qəsəbənin abadlaşdırılması istiqamətində tədbirlər görmüşdür. Belə ki, yerli məsələlərin həlli üçün Məhəllə Komitələrinin rolunun vacibliyi nəzərə alınmaqla, 41 ünvanda yeni Məhəllə Komitəsi formalaşdırılmış, bələdiyyənin inzibati binasında 825 sakinin qəbulu həyata keçirilmiş, onların problemleri dinlənilərək aidiyyatı qurumlar qarşısında qaldırılmış və həllinə varılmış, qəsəbə ərazisinin müxtəlif ünvanlarında 50-dən çox görüş keçirilmişdir. Cari dövrdə Binəqədi qəsəbə bələdiyyəsinə 354 ərizə daxil olmuşdur. Bundan əlavə, 2015-ci ilin 9 ayı ərzində Məhkəmə orqanlarında Hüquqi və Fiziki şəxslərin ərizələrinin baxılması sayəsində 171 mülkü və 183 inzibati iş üzrə məhkəmə iclasında iştirak edilmiş və sakinlərin hüquqları müdafiə edilmişdir.
Ərazisinin təmizliyini daima prioritet bilən Binəqədi qəsəbə Bələdiyyəsi hesabat dövründə Binəqədi-Balaxanı, Binəqədi-Xırdalan, Binəqədi-Novxanı, Gülüstan, Cəfər Cabbarlı, Ramazanov, I mədən korp 9-10 və III mədən korpus 124-125 ünvanlarında yeni məişət tullantıları meydançaları inşa etmiş və müasir üslubda fasadlamış, sıradan çıxmış və ya cari təmirə ehtiyac duyan konteynerləri yeniləri ilə əvəzləmiş, təmir etmiş, qəsəbə ərazisindən 4017 reys məişət tullantıları daşımışdır. Bundan əlavə, 153 ünvanda bir çox hallarda qəsəbə sakinlərinin iştirak ilə kollektiv iməcliklər təşkil etmişdir. Həmçinin, qəsəbədaxili yollarda rahat gediş-gəlişi təmin etmək naminə müxtəlif ünvanlarda asfalt örtüyünü yeniləmişdir.
Bu gün əkilən bir ağac sabah üçün sağlam çevrədir. Məhz bu məqsədlə, Binəqədi qəsəbə Bələdiyyəsinin əməkdaşları, kənd əhalisi tərəfindən Binəqədi-Xırdalan yolu istiqamətində yol kənarlarına 200 ədəd çinar ağacı, həmçinin qəsəbənin müxtəlif ünvanlarına, yol kənarlarına, məktəb həyətlərinə çoxlu sayda gül və sarmaşıq kolları əkilmişdir.
Qeyd etmək lazımdır ki, həyata keçirilən islahatlarla yanaşı, həllini gözləyən problemlər də az deyil. Belə ki, Binəqədi qəsəbəsində bir sıra ünvanlarda su-kanalizasiya xətlərinin dəyişdirilməsinə, yol örtüyünü yenilənməsinə ehtiyac duyulur. Bu problemlərin həlli isə mərhələli şəkildə həyata keçiriləcəkdir.
Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq.” Nə xoş bizlərə ki, dahi öndərin siyasi məktəbinin varisi ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində bu gün bizlər bu günəşin istisində Azərbaycan xalqının qoruyucusu və onun xidmətçisiyik.
7news.az








