İtaliya polisi illərdir axtardığı "Rəqqas" ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub.
İtaliyada illərdir axtarılan mafiya lideri Marsello Pesce dünən həbs edilərkən evində axtarış aparan polis maraqlı mənzərəylə qarşılaşıb. Mafiozun evinə baxış zamanı Jan-Pol Sartr, Alber Kamyu, Marsel Prust və Qabriel Qarsiya Markes kimi dünyaca məşhur yazarların əsərləri tapılıb.
BBC-nin xəbərinə görə, "Rəqqas" ləqəbli 52 yaşlı Marsello Pesce İtaliyanın cənubundakı Kalabria bölgəsində yaranan "Ndrangheta" mafiyasının ölkənin şimal bölgəsində yayılmasını təmin edən şəxslərdən biri olub.
Qeyd edək ki, 2010-cu ildən bəri qaçaq olan və haqqında 16 il həbs qərarı çıxarılan Marsello Pesce illərlə davam edən axtarışların ardından dünən səhər 5 radələrində Kalabria bölgəsindəki Rosarno qəsəbəsində tutulub.
Pescenin gizləndiyi evə basqın edən polislərdən biri mafiozun üstündə silah yerinə kitab görərkən düşdüyü vəziyyəti dilə gətirib: "Bizim üçün ən böyük sürpriz Pescenin kitablarını tapmaq oldu".
7News.az








