Dünya şöhrətli rəssam və heykəltəraş Mikelancelo Buonarrotinin İtaliyanın Toskana əyalətindəki villası satışa çıxarılıb.
7news,az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, 1549-cu ildə rəssam tərəfindən alınmış bu tikili 1867-ci ilədək Buonarroti ailəsinin ixtiyarında qalıb. 7,5 milyon avro qiymətləndirilən villanı alan şəxs, eyni zamanda, tikilinin əsrlər bundan öncəyə aid sənədinin əslinə də sahib olacaq.
1549-cu ildən etibarən 3 sahibi olan tikilinin ərazisində qədim dəyirman və zeytun, üzüm, limon ağaclarından ibarət meşəlik var. Rəssamın həyatı və yaradıcılığı ilə bağlı 7 kitabın müəllifi olan professor Villiam Vallasın sözlərinə görə, bu tikili Mikelancelonun onlarla əmlakından biri idi. Rəssam Toskanadakı əmlaklarını maddi baxımından ailəsinin gələcəyini sığortalamaq üçün almışdı.
Tikilinin hazırkı sahibi bərpa işlərinə 10 il sərf edib. Bir sıra müasir xüsusiyyətlər əlavə olunmasına baxmayaraq, villada tarixi elementlər də qorunub saxlanılıb.
7news.az










