Millət vəkili Qənirə Paşayeva Türkiyədə Əskişəhərdə fəaliyyət göstərən Azərbaycan Dərnəyinin rəhbəri Cavid Aydın, dərnək üzvləri və burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin qardaş Türkiyə ictimaiyyətinə daha geniş çatdırılmasında Azərbaycan Dərnəklərinin və bu ölkədə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib: “Hər birinizin yaşadığınız bölgədə, oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdırmaq lazımdır. Görüş zamanda dərnəklərimiz Azərbaycanın daha geniş tanıdılması ilə bağlı tədbirləri daha da artırmalıdır.”, – deyən millət vəkili Azərbaycan dərnəklərini və təhsil alan tələbələri bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, artıq bəzi tələbələrlə və Azərbaycan Dərnəyi ilə söhbətinin nəticəsi olaraq bəzi tədbirlərinin keçirilməsinə dəstək göstərilməsi və eyni zamanda bəzi imkansız tələbələrin üzləşdiyi müəyyən çətinliklərlə bağlı məsələləri Universitetin rəhbərliyi ilə yanaşı Əskişəhər bələdiyyəsi və valiliyi ilə görüşlərdə də müzakirə edib və ricalar edib. " Onlar da hər zaman azərbaycanlı tələbələr rahatlıqla bizə müraciət etsinlər əlimizdən gələn dəstəyi hər zaman göstərməyə hazırıq onlar bizə Azərbaycanın əmanətləridir dedilər"- deyə millət vəkili tələbələrlə söhbətində bildirib və onları daha da aktiv olmağa, bir-birinə mehriban və dəstək olmağa və ən əsası yaxşı oxumağa çağırıb. Azərbaycan Dərnəyi Başqanı Cavid Aydın dərnəyin gördüyü işlər və həyata keçirməyi planlaşdırdıqları layihələrlə bağlı millət vəkili Q. Paşayeva geniş məlumatlar verib və ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva Azərbaycan Dərnəyi rəhbəri və üzvlərinə, azərbaycanlı tələbələrə Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.
7News.Az








