RU
Millət vəkili şəhidimizdən yazdı
11:36
1227

Millət vəkili şəhidimizdən yazdı

Millət vəkili Elşən Musayev şəhid olmuş əsgərimiz barəsində yazıb.

7News.Az-ın məlumatına görə, geniş şəkildə şəhidimizin arzularından, istəklərindən söz açan millət vəkili, bu barədə sosial şəbəkədə bildirib.

Həmin yazını olduğu kimi təqdim edirik.

***

19 yaşımın tamamında ən böyük arzum bilirsənmi nə idi, qardaşım? - Universiteti bitirmək, peşəkar hüquqşünas kimi yetişmək, daha sonra tanınmaq, məşhurlaşmaq, tarixdə qalmaq və ən nəhayətində qəhrəman olmaq! Oysa, heç düşünməzdim. Hətta zamanında ağıl belə etməzdim: bu həyatda çoxlarının bildiyi və tanıdığı yolu tam tərs başlamaq, mənim kimi düşünənlərin ən zirvədə gördüyünü ilk pillədəcə hədəfləmək, qəhrəmanlara baxıb qürrələnmək əvəzinə qəhrəman olub qürrələndirmək kimi birmümkünat da varmış demə...

Sağ ol, bunu anlatdığın üçün!

***

Sırasında sən də olduğun dəyərli seçicilərimin verdiyi səslə deputat mandatı alıb, Bakıya qayıdıb, anama sarıldığımda ilk düşündüyüm bilirsənmi nə olmuşdu, qardaşım? – Bu məmləkətdə kimsə öz oğlu ilə mənim anam qədər qürur duya, fəxr edə bilməz! Elə bilirdim, mümkün və mövcud olan ən böyük xoşbəxtliyi bəxş etmişəm ona. Oysa, al sənə, bu da növbəti yalnışım! Gecindən anladım. Lütfən, üzrlü hesab et. Əsl qürür duyulası, ayağına düşüb sarılası, əllərindən öpüləsi, qarşısında ikiqat baş əyiləsi ANALAR sənin kimi DƏYƏRLİLƏRİN anasıymış demə...

Sağ ol, daha böyük səcdəgahları mənə tanıtdığın üçün!

***

O gün Sumqayıtda daha bir şəhid qəhrəmanımızın dəfnindən sonra qəbir üstündə bilirsənmi nə gördüm, qardaşım? – Yorğan. Aha, bildiyin yorğan. Anası torpağın üstünə sarmışdı. Uca səslə hönkürüdü ki, balama o dünyada soyuq olacaq, üşüyəcək, hələ havalar qızmayıb. Oysa, soyuqsa belə, üşüməyin, lütfən. Qızdırın bir-birinizi. Torpağın üstündə vətəni, əsgər yoldaşınızı xilas etmək üçün qumbara, mərmi, güllə üzərinə necə gözüyumulu atladınızsa, torpağın altında da bax o cür qoruyun bir-birinizi. Döyüş vaxtı binoklla uzaqdan həsrətlə baxdığınız Kəlbəcərə, Ağdama, Şuşaya Azərbaycan bayrağı sancılana qədər, o xəbəri, o müjdəni alana qədər rahatladın bir-birinizi...Allah xətrinə!

Ruhuna, məzarına, axıdılan qanına, divardan boylanan rəsminə qurban olum, qardaşım.

Nur içində yat....

Zaqatala şəhəri. 9 aprel. 2016-cı il.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ