Dünyanı bürüyən Covid-19 pandemiyası ilə mübarizə, xalqın sağlamlığı və təhlükəsiz həyatını qorumaq istiqamətində Azərbaycanda hökumətin, dövlət başçısının atdığı addımlar, qabaqlayıcı tədbirlər təbii ki, ölkəmizin, millətimizin qorunmasına xidmət edir.
Xüsusi karantin rejimi tətbiq olunan Bakı şəhəri və bir neçə rayon və şəhərdə məhdudiyyətlər zaman-zaman tibbi-sanitar şərtlərə uyğun yumşaldılsa da, ciddi risk hesab hesab edilən kütləvi tədbirlərin, o cümlədən, toy, yas, digər mərasim və tədbirlərin təşkili qadağası qüvvədə qalmaqdadır. Təbii ki, əksər ölkələrdə olduğu kimi bizdə də bu belə olmalıdı. Kütləvi tədbirlər virusun yayılma arealının genişlənməsi mənbəələrindən hesab olunur və burada yoluxma riskinın qarşısını almaq da çətinləşir. Bu isə hökumətin və vətəndaşların birgə həmrəyliklə həyata keçirdiyi mübarizə addımlarına ciddi təhdiddir.
Təəssüflər olsun ki, bəzən dövlətin bu ciddi karantin rejimi qayda və şərtlərinə əməl etməyi vətəndaşlardan ağız dolusu ilə tələb edən bəzi məmurlar, sabiq və indiki rəsmi şəxslər, yüksək vəzifə və mənsəb sahibləri özləri bilərəkdən bu qanunlara riayət etməkdən boyun qaçırır və özlərini "xüsusi immunitetli” təbəqə hesab edirlər.
Hüquqi, qanunların hamı üçün şah olduğu bir dövlətdə - Azərbaycanda heç kim, heç bir şəxs, istər dövlət xadimi olsun, istər millət vəkili, istərsədə akademik dövlətə, onun təsbit olunmuş qanunlarına qarşı çıxa bilməz.
Məmur da, alim də, əhalini təmsil edən istənilən vəzifəli şəxs də bu dövlətin vətəndaşıdır və hər bir vətəndaş kimi onlarının da hüquqi və mənəvi borcudur ki, məsuliyyətlərini dərk edib millətə sədaqətlə, dövlətə xidmətlə qanunlara riayət etsinlər.
Son günlər mediada və cəmiyyətdə vətəndaşlarımızın ciddi hiddətinə və ictimai qınağa səbəb olan xüsusi karantin rejimli Abşeronun Novxanı ərazində sabiq millət vəkilinin qızına və AMEA prezidentinin nəvəsinə qanunlara asicəsinə, meydan oxuyaraq dəbdəbəli toy mərasimi keçirməsi və bir çox məmurların və hətta millət vəkillərinin orada şad-xürrəmcəsinə iştirak etməsinə təəssüflənmək belə azdır.
Müxtəlif vaxtlarda həm Ulu Öndərimizin, həm də indiki dövlət başçımızın yüksək etimad və dəstəyi ilə ali dövlət vəzifləri tutmuş, millət vəkilləri olmuş, akademik titulları qazanmış bu şəxslər qanunları pozaraq, onun tələblərinə hörmətsizcəsinə yanaşmalarına belə hətta "haqq qazandırmaq” təşəbbüsündə çıxışlar edirlər.
Bu gün biz dövlətimizin, prezidentimizin qarantı olduğu və onun ali iradəsi ilə həyata keçirilən qanunlarımızın bir daha hamı üçün, bütün vətəndaşar üçün eyni qüvvəyə malik olduğunun şahidi olduq. Qanunları pozan, dövlətə və onun hüquq sisteminə "meydan oxumaq istəyən” bu "xüsusi statuslu” şəxslər məsuliyyətə cəlb olundular və onlar haqqında layiqli cəza tədbirləri görüldü.
Bu cəza tədbirləri onu "haqq edən” heç bir məmurdan, siyasidən, vəzifə və statusundan asılı olmayan "şahlıq etmək istəyən”dən yan keçməyəcək.
Çünki bu ölkədə qanunlar işləyir, bu dövlət qanunlarla idarə olunur, bu ölkə hüquqi dövlətdir və bu ölkədə hamının riayət etməli olduğu Yasalar mövcuddur!
Heç kim hesab etməsin ki, bu bir sıradan adi tədbir olaraq və ya ictimai fikirə görə atılan addımdır. Korrupsioner mərkəzi və yerli icra hakimiyyəti rəhbərləri və onların məsul şəxslərinin də birinci dalgası həbs olunanda da çoxları bunun davamlı olacağına səmimi deyim inanmaq istəmirdi.
Amma reallıqda bu davamlı addımları görüb yaşamaqdayıq, qanunlar və hüquq sistemimiz öz ədalətini göstərməkdədir.
Asif Əsgərli
Azərbaycan Demokratik Tələbə
Gənclər Təşkilatının sədri, Milli
QHT Forumunun vitse-prezidnti








