Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amano ilə görüşüb.
7News.Az xəbər verir ki, Elmar Məmmədyarov Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ölkəmizin bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə sənədi depozitari rolunda çıxış edən AEBA-nın Baş direktora təqdim edib.
AEBA Baş direktoru ölkəmizin sözügedən Düzəlişi təsdiq etməsinin sənədin qüvvəyə minməsi istiqamətində həyata keçirilən səylərə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq, dərin təşəkkürünü bildirib. AEBA tərəfi son zamanlar bu sahədə böyük irəliləyişlər əldə edildiyini və yaxın vaxtlarda Düzəlişin qüvvəyə minəcəyinə ümidvar olduğunu qeyd edib.
7News.Az








