Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür. Koroğlu Rəhimov 1953-cu il, oktyabrın 31-də Oğuzda anadan olub.
7News.az xəbər verir ki, o, 1972-ci ildə hərbi xidmətə çağırılıb. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurub. Qəlbi vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq Milli Ordu sıralarına yazılıb. 1992-ci il-də "N" saylı bölüyə komandir təyib edilən Koroğlunun şərəfli döyüş yolu başlayıb. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzirdi. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. O, Goranboy və Ağdarədə gedən digər qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən döyüşlərin birində qəhrəmancasına həlak olub.
Ailəli idi, üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur. Oğuz rayonunun Xaçmaz kəndindəki 3 nömrəli körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub.
7News.az







